Ankara Dəməşqlə ticarət, investisiya və rəqəmsal transformasiya sahələrində yeni əməkdaşlıq mərhələsinə hazırlaşır
Suriyanın paytaxtı Dəməşqdə Türkiyənin bu ölkədəki səfiri Nuh Yılmazın Suriya hökumətinin iki mühüm naziri ilə görüşləri keçirilib. Tərəflər iqtisadi, sənaye, ticarət və informasiya texnologiyaları sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Türkiyəli diplomat Suriyanın sənaye və daxili ticarət naziri Basil Əbdülhənnanla görüşünü məhsuldar adlandırıb.
Görüş zamanı iki qonşu və qardaş ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı investisiyaların artırılması və yeni iqtisadi imkanların yaradılması məsələləri diqqət mərkəzində olub.
Türkiyənin dövlət Anadolu agentliyinin məlumatına görə, tərəflər ümumi rifaha xidmət edəcək əməkdaşlıq imkanlarını birgə araşdırmaq barədə razılığa gəliblər.
Səfirin digər mühüm görüşü isə Suriyanın rabitə və informasiya texnologiyaları naziri Əbdüssəlam Heykəllə baş tutub.
Görüşdə telekommunikasiya, informasiya texnologiyaları və rəqəmsal transformasiya sahələrində Türkiyə-Suriya əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.
Nuh Yılmaz Türkiyənin Suriya ilə münasibətlərə yeni dinamika qazandırmaq istiqamətində genişmiqyaslı iş apardığını vurğulayıb. Onun fikrincə, bu sahələrdə təcrübə mübadiləsi və birgə fəaliyyət iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Beləliklə, Ankara-Dəməşq xəttində əməkdaşlıq yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də iqtisadiyyat, sənaye və rəqəmsal texnologiyalar istiqamətində genişlənməkdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.