Pasiyentin “antidepressant mənə təsir etmir” deməsinin ən geniş yayılmış səbəblərindən biri müalicənin nəticəsini çox tez qiymətləndirməsidir.
Bu barədə Rusiyanın V.M. Bechterev adına Milli Psixiatriya və Nevrologiya Elmi-Tədqiqat Mərkəzinin elmi əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, psixiatr və psixiatr-narkoloq Elvina Əhmətova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, antidepressantların ilk müsbət təsirləri bir neçə həftə ərzində özünü göstərə bilər. Dərmanın effektivliyi qəbul edilən doza və müalicənin müddəti nəzərə alınmaqla qiymətləndirilməlidir. Həkim artıq 2–4 həftədən sonra müsbət dəyişikliklərin olub-olmadığını yoxlamalıdır. Lakin bu, pasiyentin müalicəni özbaşına dayandırması demək deyil.
Digər geniş yayılmış problem dərmanın düzgün qəbul edilməməsidir. Bəzi pasiyentlər tabletləri qəbul etməyi unudur, dozanı özbaşına azaldır və ya ilk yaxşılaşmanı hiss edən kimi dərmanı dayandırırlar.
Bəzən antidepressantların əlavə təsirləri müalicənin müsbət nəticəsindən daha tez ortaya çıxır. Bu isə həmin təsirlərə dözmək lazım olduğu anlamına gəlmir. Əksinə, yaranan narahatlıqlar barədə həkimə məlumat vermək və müalicə sxemini yenidən nəzərdən keçirmək lazımdır. Bəzi antidepressantların qəfil dayandırılması kəsilmə sindromuna səbəb ola bilər. Onun əlamətləri isə xəstəliyin yenidən qayıtması ilə səhv salına bilər.
Mütəxəssisin diqqət çəkdiyi digər mühüm amil alkoqol, kannabis və digər psixoaktiv maddələrin istifadəsidir.
“Psixoaktiv maddələr özlüyündə narahatlığı gücləndirə, yuxunu poza və depressiv əlamətlərin davam etməsinə səbəb ola bilər. Dərmanlarla birlikdə qəbul edildikdə isə arzuolunmaz reaksiyaların yaranma riskini artıra bilər. Bu amil nəzərə alınmadıqda antidepressantları dəfələrlə dəyişmək olar, amma yaxşılaşmanın niyə baş vermədiyi yenə də aydınlaşmaz”, – deyə Əhmətova bildirib.
Həkim həqiqi terapevtik rezistentliklə psevdorezistentlik anlayışlarını da fərqləndirməyin vacibliyini vurğulayıb.
Terapevtik rezistentlik adətən ən azı iki adekvat antidepressant müalicə kursundan sonra kifayət qədər nəticə əldə edilmədikdə nəzərdən keçirilir. Lakin sadəcə iki dəfə dərman dəyişdirmək rezistentliyin mövcudluğunu təsdiqləmir. Əvvəlcə hər iki müalicə kursunun düzgün doza və kifayət qədər müddətlə aparıldığı dəqiqləşdirilməlidir.
Bundan başqa, ilkin diaqnozun yenidən nəzərdən keçirilməsi də vacibdir. Depressiya şikayətlərinin arxasında bəzən bipolyar pozuntu və ya hər hansı somatik xəstəlik dayana bilər. Buna görə də “antidepressant niyə təsir etmir?” sualının cavabı hər zaman dərmanı dəyişməklə tapılmır. Bəzən ilk növbədə hansı xəstəliyin müalicə olunduğunu yenidən araşdırmaq lazımdır.
Müalicənin nəticəsinə yanaşı xəstəliklər və orqanizmin fərdi bioloji xüsusiyyətləri də təsir göstərir. Belə ki, hər bir insanda dərmanların metabolizm sürəti fərqlidir.
Məhz buna görə də antidepressantı özbaşına dəyişərək “rəfiqəmə yaxşı təsir edən dərmanı” qəbul etmək müalicənin nəticələrini heçə endirə bilən ən geniş yayılmış səhvlərdən biridir.