AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qazi Həsrət Quliyevin Türkiyədə əməliyyat olunmaq istəyinə niyə müsbət cavab verilmir? – Qurumların açıqlaması

  • + A
  • - A
  • Bu gün, 16:35

    Qazi Həsrət Quliyevin Türkiyədə əməliyyat olunmaq istəyinə niyə müsbət cavab verilmir? – Qurumların açıqlaması


    Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır güllə yarası alaraq sağlamlığını itirən Vətən müharibəsi qazisi Həsrət Quliyevin müalicəsi ilə bağlı məsələ ictimai müzakirələrə səbəb olub.

    44 günlük Vətən müharibəsində boynundan ağır güllə yarası alan, 2022-ci ildən müharibə ilə əlaqədar I dərəcə əlilliyi müəyyən edilən qazinin hazırda müalicəyə və cərrahi müdaxiləyə ehtiyacı var. Onu ziyarət edən şəhid anası Vəfa İsmayılova qazinin vəziyyətini ictimailəşdirərək dövlət qurumlarının məsələyə daha həssas yanaşmasının vacibliyini vurğulayıb.

    Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlamalarından məlum olur ki, Həsrət Quliyev noyabrın 17-də saat 16:00 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsinə planlı qaydada yerləşdirilib. Ona böyrək və sidik axarı daşı diaqnozu qoyulub, zəruri tibbi xidmətlər göstərilib. Müalicə tədbirləri başa çatdıqdan sonra cərrahi müdaxilənin aparılması nəzərdə tutulur.

    TƏBİB-in mövqeyinə görə, əməliyyatın icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində özəl tibb müəssisəsində həyata keçirilməsi üçün qaziyə müvafiq göndəriş veriləcək.

    Lakin əsas mübahisə də məhz bu məqamda yaranır. Belə ki, Həsrət Quliyevin əməliyyatın Türkiyədə həyata keçirilməsində israrlı olduğu bildirilir. TƏBİB-in isə mövcud səlahiyyətləri çərçivəsində onu Türkiyəyə müalicəyə göndərmək imkanının olmadığı qeyd olunur. Hazırda qazinin ölkə daxilində özəl tibb müəssisəsində əməliyyat olunmasına razı salınması istiqamətində addımlar atılıb.

    Digər tərəfdən, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi qaziyə indiyədək göstərilən sosial və maliyyə dəstəyi barədə məlumat yayıb.

    Bildirilib ki, Həsrət Quliyevə 8800 manat birdəfəlik sığorta ödənişi edilib, hazırda pensiya və təqaüd şəklində hər ay ümumilikdə 2362,86 manat ödənilir.

    Bundan əlavə, YAŞAT Fondu tərəfindən onun xaricdə və ölkədə müalicəsi, dərman xərcləri, evinin təmiri və digər ehtiyacları üçün ümumilikdə 575 min manat yardım göstərilib.

    Fondun açıqlamasına əsasən, qazinin müalicəsinin böyük hissəsi Türkiyədə həyata keçirilib. Belə ki, 2021-ci il fevralın 18-dən 2022-ci il martın 17-dək, eləcə də 2022-ci il aprelin 7-dən 2023-cü il yanvarın 13-dək Türkiyədə müalicə alan Həsrət Quliyevin xaricdəki müalicə xərcləri üçün Fondun büdcəsindən 563 674,27 manat vəsait ayrılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən isə qazi minik avtomobili, açıq və qapalı məkanlarda istifadə üçün iki ədəd təkərli oturacaqla təmin edilib. O, ötən il Sumqayıt Reabilitasiya Mərkəzində 14 günlük reabilitasiya xidməti də alıb.

    Mənzil təminatı ilə bağlı isə bildirilib ki, üç nəfərlik ailə tərkibinə uyğun olaraq Həsrət Quliyevə Abşeron rayonundakı yeni yaşayış kompleksindən ikiotaqlı mənzil təklif edilib. Lakin o, yaşadığı Sumqayıt şəhərində üçotaqlı mənzillə təmin olunmasını istəyib. Növbəti mərhələdə mənzil təklifinin yenidən ediləcəyi qeyd olunub.

    Bütün bu açıqlamalar fonunda əsas məsələ dəyişmir: Vətən uğrunda sağlamlığını itirmiş qazinin hazırkı tibbi ehtiyacı necə və hansı şəraitdə qarşılanacaq?

    Əlbəttə, dövlət qurumlarının indiyədək göstərdiyi dəstək və ayrılan vəsaitlər diqqətdən kənarda qala bilməz. Bununla belə, qazinin Türkiyədə müalicə olunmaq istəyinin səbəbləri, əməliyyatın ölkəmizdə hansı tibbi imkanlarla həyata keçiriləcəyi və onun xaricdə müalicəyə ehtiyacının olub-olmaması ayrıca qiymətləndirilməlidir.

    Vətən uğrunda sağlamlığını itirmiş bir insanın müalicəsi sadəcə qurumların səlahiyyət bölgüsü və göndəriş prosedurları çərçivəsində müzakirə edilməməlidir. Əsas prioritet qazinin sağlamlığı, təhlükəsizliyi və ən effektiv tibbi yardımı alması olmalıdır.

    Qazi Həsrət Quliyevə şəfa diləyirik! Allah bütün qazilərimizi qorusun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR