Ukraynanın Lvov şəhərində qəbiristanlıqlarda yer çatışmazlığı fonunda ilk krematoriumun açılışına hazırlıq gedir. Artıq kremasiya sobalarının iş prinsipi yoxlanılır. Bu barədə şəhər merinin birinci müavini Andrey Moskalenko məlumat verib.
“Şəhər krematoriumunda İspaniyada istehsal olunmuş kremasiya sobalarının sazlanması və sınaq işlərinə başlanılıb”, – deyə o bildirib.
Şəhər şurasından bildirilib ki, Lvovda yeni qəbiristanlıqlar salmaq üçün torpaq sahələri çatışmır. Mövcud qəbiristanlıqların ərazisini genişləndirmək də şəhərin sıx tikilişi və boş torpaq sahələrinin azlığı səbəbindən çətindir.
Ukrayna mediasının məlumatına görə, krematoriumun tikintisinə 200 milyon qrivnadan (təxminən 365,6 milyon rubl) çox vəsait xərclənib.
Hazırda Ukraynada Kiyev, Odessa və Xarkov şəhərlərində krematoriumlar fəaliyyət göstərir. Hərbi dəfnlər də şəhər qəbiristanlıqlarının üzərinə əlavə yük yaradır.
“The Times” qəzeti 2025-ci ilin dekabrında yazıb ki, Lvovda hərbçilər üçün salınmış yeni hərbi qəbiristanlıqda Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçilərinin dəfni üçün yerlər tükənib. Bundan sonra yerli hakimiyyət orqanları dəfn üçün yeni ərazilər axtarmağa başlayıb.
Bundan əvvəl isə Kiyev sakinləri Vladimir Zelenskinin doğum günü münasibətilə ona ağıl, insanlara qarşı empatiya və “tezliklə qovulma” arzulamış, hətta “krematoriumda şəxsi yer” diləmişdilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.