"Mənim xalqımın beynini yuyurlar" — Şimali Koreyadan qaçan qadınlar
Yaponiyada Şimali Koreyadan üzən balıqçı qayıqlarını “kabus gəmiləri” adlandırırlar.
2017-ci ildə Yaponiyanın qərb sahillərinə üzən bu cür qayıqların sayı 104 olub. Yaponiya sahil təhlükəsizliyi xidmətinin məlumatına əsasən, son iki ildə bu rəqəm 66 olmuşdu. Bir çox hallarda bu qayıqlarda Şimali Koreyadan qaçmağa çalışan şəxslərin cəsədləri aşkar edilir.
"Ölkə.Az" VICE US portalında dərc oluna məqaləni təqdim edir:
Analitiklər bildirirlər ki, bu cür qayıqların artmasına səbəb son illər Şimali Koreyaya qarşı sərt sanksiyaların tətbiqi nəticəsində bu ölkədə ərzaq çatışmazlığı olub.
Mən 75 yaşlı Eyko Kavasaki ilə Tokionun mərkəzindəki ticarət mərkəzlərindən birində görüşdüm. O, 10 il əvvəl Yaponiyaya gəlib.
Kavasakinin həyatı Orvella trillerini xatırladır. O, 1942-ci ildə anadan olub. Onun ailəsi Koreyanın müstəmləkələşdirilməsindən sonra Yaponiyaya köçüb. “Müharibədən sonra Yaponiya iqtisadiyyatı çox zəifləmişdi. Ona görə burada yaşamaq çətin idi”, - o deyib.
Koreya müharibəsindən sonra yarımada iki hissəyə parçalandı. Şimali Koreya rəhbərliyi başqa Asiya ölkələrində yaşayan koreyalıları ölkəyə gətirmək üçün müxtəlif yalanlardan istifadə etmək qərarına gəldi. “O zaman Yaponiya çox kasıb idi. Şimali Koreya hökuməti insanlara pulsuz təhsil, ev, tibb və hətta geyim vəd edirdi. Mən ora tək getdim, ailəm isə bir müddət sonra Şimali Koreyaya gəldi”.
Kavasaki gəmi ilə Şimali Koreyaya yollandı – onunla yanaşı 93 min insan eyni addım atdı və o, porta yaxınlaşdığı anları çox yaxşı xatırlayır. “İnsanlar qışqıdırırdılar ki, “Pulsuz qida və tibb yalan vəddir. Geriyə üzün”, ancaq biz geri qayıda bilməzdik”.
Ən pisi isə o idi ki, Kavasaki Yaponiyaya qayıda bilmədi, Şimali Koreya hökuməti buna icazə vermədi. İndi o, Şimali Koreya diktaturasının əsirinə çevrilmişdi.
Kavasaki bacardığı qədər normal yaşamağa çalışırdı. O, məktəbdə oxumağı və mühəndislik təhsili almağı bacardı, sonra yaxşı işə düzəldi, ərə getdi və 5 uşağı oldu.
Çətinliklər isə bundan sonra başladı. “Mən ailəmə deyə bilmirdim ki, ölkə sərhədlərindən kənarda həyat daha yaxşıdır. Ola bilsin ki, onlar mənimlə bağlı hökumətə müraciət edəcəkdilər və həbsxanaya düşəcəkdim. Bilirdim ki, övladlarım nə düşünür, məktəbdə onların beynini yuyurdular”.
Onun uşaqları Şimali Koreya lideri Kim Çen İrə və onun partiyasına inancla böyüyürdülər. “Mən onlarla Yaponiyadakı həyatım və Şimali Koreyanı tərk etmək arzularımla bağlı danışmağa cürət etmədim. Bir dəfə başa düşdüm ki, qaçmalıyam. Mənim həyat yoldaşım vəfat etdi və mən də Şimali Koreyada yaşamaqdansa, ölməyi üstün tutdum”.
O, planlaşdırdığı qaçışla bağlı övladlarına heç nə demədi. “Bu satqınlıq və ya onları cinayətə ortaq etmək demək idi. Söhbət inamdan getmirdi, mən vəziyyətin pis inkişafını nəzərə almalı idim”.
Son olaraq, onun 5 uşağından biri də oxşar qərar qəbul edərək, Şimali Koreyadan qaçmağa razılaşdı. “Tokioda biz qonşuyuq”, - o, gülərək deyir. “Eyni zamanda digər uşaqlarımdan çox narahatam. 2017-ci ilin noyabrınadək bir il müddətində onlarla əlaqə saxlaya bilmədim. Noyabrda onların yaxşı olması ilə bağlı məktub alanda çox sevindim”.
Tokioda şərti adı Mitsuko olan digər Şimali koreyalı qadınla görüşdüm (Mistuko adı təhlükəsizlik səbəbindən dəyişdirilib). Onun yanında miqrant qadınlara yardım edən Şimali Koreyadan olan qaçqınlar üçün vəsaitin toplanması üzrə təşkilatının sədri Xiroşi Kato da vardı.
47 yaşlı qadın 2011-ci ildə Yaponiyaya qaçıb və Kavasakidən fərqli olaraq, tezliklə başa düşüb ki, onun qaçışı digər qohumları üçün ağır nəticələnib. “Mən qaçan zaman qardaşım ələ keçdi, ona işgəncə verib həbsxanada öldürdülər. Digər qardaşım xəstəxanada direktor vəzifəsini itirdi”.
Mitsukonun yanındakı Kato başını yelləyir. “Siz başa düşməlisiz ki, Şimali Koreyanın öz insanlarını idarə etməsi üçün xüsusi sistemi var. Bu da onun Yaponiyada qorxu içində yaşamasına səbəb olub”.
O, restoranda müsahibə zamanı çox həyəcanlı şəkildə tez-tez kənara baxırdı. O, Şimali Koreyada böyüdüyü paranoyyanı heç vaxt itməyəcək. Mitsuko bildirib ki, Şimali Koreyada “üç nəslin qaydası” düşüncəsi var. Bu o deməkdir ki, qohumlardan biri cinayət törətsə, bütün ailə cəzalandırıla bilər. Qaçaqçılıq ən ağır cinayətlərdən biri sayılır.
Uşaq vaxtı Mitsuko Şimali Koreya sərhədlərindən kənardakı həyatla maraqlanırdı. “Mən Şimali Koreyadan kənarda yaşamağı arzulayırdım. Bilirdim ki, anormal ölkədə yaşayıram. Orada xoşbəxt olduğum anı xatırlamıram”. Onun dostları uşaq vaxtı Şimali Koreya haqqında pis fikir deməkdən qorxurdular və tezliklə başa düşdü ki, siyasətdən danışmaq təhlükəli işdir. Valideynlərinin evi şikayət etmək üçün ən təhlükəsiz yer idi. Onun valideynləri təklikdə rejimi tənqid edirdilər. Mitsuko hesab edir ki, digər uşaqlar da problemlərdən qaçmaq üçün ölkə liderini dəstəkləyirdilər.
Ancaq 2011-ci ildə Kim Çen İr öləndə həmyerlilərinin reaksiyasından heyrətə gəldi. “İnsanlar göz yaşları ilə küçələrə axışdılar. Bir çox insanlar yemək yemir, aclıqdan ölürdülər. Onda başa düşdüm ki, nəsə etməliyəm. Mənim xalqımın beynini yuyurlar”.
Onun əri Cənubi Koreyadan olan insanlara şimalda öz ailə üzvlərini tapmaqda yardımçı olurdu. Mitsuko da ona bu işdə yardımçı olurdu. Cütlüyün bu işi Şimali Koreyada dövlətə xəyanət hesab edilirdi. Əgər hökumət bundan xəbər tutsaydı, onları edam gözləyirdi. Şimali Koreya kəşfiyyatı onların gizli fəaliyyətləri ilə bağlı məlumat aldıqda cütlük qaçmağa qərar verdi.
Mitsuko indi Tokioda əri və yeganə övladı ilə birlikdə yaşayır. Ancaq o, qohumları qarşısında özünü günahkar hesab edir. Mitsuko deyir ki, onun Şimali Koreyadakı illəri həyatında dərin emosional izlər buraxıb.
Nəyahət, Mitsuko Şimali Koreyanın Olimpiyadada təbliğatçı hərəkətləri ilə bağlı nə düşünür? “Şimali Koreya hökuməti heç vaxt ABŞ-a zərbə endirə biləcək raketlərin istehsalını dayandırmayacaq. Yaponiyada ABŞ hərbi bazası var və şübhə etmirəm ki, onlar istəklərinə çatmağa çalışacaqlar. Biz bu sərt diktaturanı dayandırmalıyıq”.