Son günlər sosial şəbəkələrdə 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşımlar bir daha göstərdi ki, bəzən süni intellekt texnologiyasını mənimsəmək hələ zövq, bilik və məsuliyyət sahibi olmaq demək deyil.
Xüsusilə “Xalqbank”, Mədəniyyət Nazirliyi və “Referans Medikal Qrup” kimi qurumların hazırladığı bayraq təsvirləri izləyiciləri, sözün əsl mənasında, üzdü. Guşələri əyri, nisbətləri pozulmuş, rəng keçidləri qarışıq... elə bil bayrağın özü deyil, sadəcə “rəngli parça” görürsən. Süni intellektdən istifadə ediblər, amma görünür, “bayrağın neçə guşəsi olur” sualına cavab verməyə savadları çatmayıb.
Texnologiya günahkar deyil. Günah o süni intellektə milli simvolun məna dərinliyini, formanın məsuliyyətini başa sala bilməyənlərdədir. Süni intellekt yalnız ona verilən tapşırığın səviyyəsində nəticə göstərir. Əgər arxasında dayanan insan formanın rəmzini anlamırsa, nəticə də məhz belə olur – bayrağın ruhu yox, “rəqəmsal küncləri” qalır.
Azərbaycan Bayrağı təkcə bir şəkil, bir atribut deyil. Onun hər rəngi, hər zolağı, hər guşəsi min illik dövlətçilik tariximizin, mübarizə və şəhidlərimizin qanı ilə yoğrulmuş simvoldur. Belə bir simvolun təsvirində səhlənkarlığa, texnoloji cəfəngliyə yer yoxdur.
Süni intellektdən istifadə etmək prestij deyil, məsuliyyətdir. Əgər bu texnologiya ilə bayrağın düz guşəsini belə yarada bilmirsənsə, o zaman problem alqoritmdə yox, səndədir.
Bəlkə də indi “guşə”ni düzəltməzdən öncə bir az düşünmək, milli dəyərlərin məna yükünü anlamaq vaxtıdır — çünki bayrağın atributları düz deyiləndə, yalnız şəkil yox, həm də düşüncə düz olur.