4 iyul İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günüdür.
Sabahkı seçkilərdə iki namizəd - mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkian prezidentlik postu uğrunda mübarizə aparacaqlar.
İyunun 28-də İslam Respublikasında prezident seçkilərinin birinci turu keçirilib. Dörd namizəd iştirak edib. Onların heç biri 50%-dən çox səs toplaya bilməyib. Keçmiş səhiyyə naziri Pezeşkian (birinci turda səslərin 42,5 faizi) və İran liderinin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili (birinci turda səslərin 38,6 faizi) ikinci tura keçiblər.
Seçkilərdə iştirak 40% təşkil edib ki, bu da, ali lider Ayətullah Əli Xameneinin sözlərinə görə, gözləntiləri doğrultmayıb. Bu, İslam respublikasının 45 ilində prezident seçkilərində ən aşağı fəallıqdır.
İranın Şenaaxt analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiana, 48 faizi isə Cəliliyə səs verməyə hazırdır.
Respondentlərin 42%-i səsvermədə iştirak etmək arzusunda olduğunu bildirib.
Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da məlum olacağı gözlənilir.
İyulun 1 və 2-də prezidentlik yarışının iştirakçıları seçkiqabağı debatlarda bir araya gəliblər.
Onlar dövlətin inkişafına, iqtisadiyyatın və sosial sahənin geniş spektrinə həsr olunmuş planlarından danışıblar. Namizədlərin İranın xarici siyasət strategiyasında qeyd etdiyi əsas məsələ Qərbin sanksiyalarının mənfi nəticələri ilə necə mübarizə aparmaqdır.
Namizədlər ölkənin keçdiyi inkişaf yolu ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Pezeşkian ölkənin Qərblə danışıqlara daha açıq olmasının tərəfdarıdır, Cəlili isə xarici təzyiqlərin aradan qaldırılmasında daxili resurslara arxalanmağın tərəfdarıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.