BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakıdakı bəzi şadlıq saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən “Report”a məlumat verilib.
Qeyd olunub ki, son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.
“Yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Bildiririk ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 konfransı ilə bağlı şadlıq saraylarında toy mərasimlərinin keçirilməsinə dair məhdudiyyətin tətbiq edilməsi barədə aidiyyəti qurumlar tərəfindən hər hansı göstəriş verilməmişdir. İctimaiyyəti yalnız rəsmi mənbələrə istinad edən xəbərləri nəzərə almağa çağırırıq”, - COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.