Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən namizədliyi irəli sürülmüş Nizami Səfərovun Tovuz rayonunun Abulbəyli və Bozalqanlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşlərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxış edərək Azərbaycanın son 20 ildən artıq dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atdığını və YAP-ın ölkəmizin daha da qüdrətlənməsi, insanların rifah halının yaxşılaşması üçün təşəbbüsləri, atdığı addımları, qəbul etdiyi qərarları ilə xalqın böyük rəğbətini qazandığını bildirib.
Çıxış edən deputatlığa namizəd Nizami Səfərov YAP-ın Azərbaycan cəmiyyətinin aparıcı siyasi qüvvəsi olduğu kimi, regionda və onun hüdudlarından kənarda da böyük nüfuza malik bir siyasi təşkilat olduğunu vurğulayıb. O, partiyanın seçki platforması haqqında ətraflı məlumat verərək qeyd edib ki, YAP-ın bütün seçkilərdə qələbə qazanması xalqın Heydər Əliyev ideyalarına sədaqətinin, dövlət başçısı İlham Əliyevin siyasətinə dəstəyinin bariz təzahürüdür: “Partiya ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, xalqımızla birgə addımlayaraq ölkəmizə mühüm uğurlar qazandırıb”. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Zakir Hüseynov, Mayıl Hümmətov kənd seçicilərinin seçkilərdə fəallıq göstərərək YAP-ın namizədini dəstəkləyəcəklərini, sabitliyə, inkişafa səs verəcəklərini bildiriblər.
Sonda seçicilərin müraciətləri dinlənilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.