AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makronun prezidentliyinin “pik” həddi - Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH

  • + A
  • - A
  • 19-08-2024, 15:38

    Makronun prezidentliyinin “pik” həddi - Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH


    Fransa prezidenti Emmanuel Makron son illərin nəinki ən uğursuz dövlət başçısı, həm də ən şəriştəsiz siyasətçisi kimi tanınır.

    Bunu sübut edəcək xeyli misal var. Ölkə daxilində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından tutmuş, müstəmləkəçilik siyasətinin “uğurlu” davam etdirilməsinə qədər müxtəlif amillər rəsmi Parisin iç üzünün ifşa olunması baxımından spesifikdir. Yelisey sarayının son illərdəki uğusuzluğunu, demək olar, hər kəs görür, başa düşür.

    Məsələn, ABŞ-nin “Bloomberg” televiziyasının bu yaxınlarda təqdim etdiyi materialda bildirilmişdi ki, bir il ərzində Fransada daxili xaos başlaya bilər. Bu nəyi göstərir? Birincisi, dediyimiz kimi, çoxlarının E. Makron hökumətinin ölkəsinin və hətta Avropanın nüfuzuna zərbə vuracaq ritorikanı davam etdirməsini görməsi. Yəni rəsmi Parisin daxili və xarici siyasət kursunda fiasko ilə nəticələnəcək addımlara getməsini təkcə Bakı və Ankara deyil, hamı deyir. Çünki bu subyektiv yanaşma yox, obyektiv reallıqdır.

    İkincisi, “Bloomberg”in iddiası onu deməyə əsas verir ki, Fransa daxilində vəziyyət, doğrudan da, gərgindir. Və bu, operativ qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir.

    E.Makron hökumətinin səriştəsizliyi artıq daxildəki müəyyən kataklizmlərə səbəb olmaqdadır. Ölkənin siyasi elitasında qarşıdurma elementləri aydın hiss olunur. Solçular bu və ya digər məsələdə açıq-aydın iqtidara qarşı çıxırlar. Məsələn, “Ram edilməz Fransa” solçu partiyasının qurucusu Jan-Lük Melanşon bir müddət əvvəl ölkəsinin NATO-dan çıxmasının lazım olduğunu dilə gətirmişdi.

    İş orasındadır ki, rəsmi Paris NATO daxilində də adekvat davrana bilər. Fransa rəsmiləri bir müddət müntəzəm olaraq Ukraynaya şəxsi heyət göndərəcəkləri barədə bəyanat verdilər. Amma rəsmi Parisin bu təklifini heç bir müttəfiq dəstəkləmədi. Beləliklə, Fransa növbəti dəfə biabır olmaqla yanaşı, həm də əslində müharibənin daha da genişlənməsində maraqlı olduğunu göstərmiş oldu.

    Solçular avqustun 18-də daha da irəli gedərək Makronu istefaya göndərə biləcəklərini dedilər. Belə ki, Fransanın solçu “İtaətsiz Fransa” partiyasının rəhbərliyi solçu Yeni Xalq Cəbhəsi alyansının namizədi Lyüsi Kasten baş nazir postuna təyin edilməsə, Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosuna ölkə prezidenti E. Makronun vəzifəsindən kənarlaşdırılması təklifini təqdim etmək niyyətindədir.

    Qeyd olunub ki, ölkə konstitusiyasının 68-ci maddəsi prezidentin vəzifədən kənarlaşdırılması şərtlərini müəyyən edir: “Bu, qanunda göstərildiyi kimi, onun öz vəzifələrini yerinə yetirməməsi, mandatına uyğunsuzluğun aşkar əlamətləri olan halda baş verə bilər”.

    Partiya nümayəndələri hesab edirlər ki, parlament seçkilərinin nəticələrini nəzərə almamaq və onlara məhəl qoymamaq prezident mandatının elementar tələblərinin pozulması deməkdir: “Ona görə dövlət başçısı demokratiyanın qarantı olmalıdır”.

    Mövcud qaydalara görə, belə sorğular Milli Assambleyanın Bürosuna və onun rəhbərliyinə verilir. Daha sonra vəsatət qəbul olunarsa, qanunvericilik komissiyasına göndəriləcək.

    Yalnız komissiya tərəfindən təsdiq edildikdən sonra prezidentin istefaya göndərilməsi təklifi aşağı palatanın bütün deputatlarının səsverməsinə çıxarıla bilər. Melenşon və onun tərəfdaşları hesab edirlər ki, bu təklifi qəbul etmək olar, çünki prezident düşərgəsi palatada azlıq təşkil edir.

    Daha əvvəl “Agence France-Presse” Yelisey sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini ölkənin yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.

    İclasda Makron növbədənkənar parlament seçkilərində birinci yeri tutan solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lyüsi Kaste ilə söhbət edə bilər.

    Eyni zamanda, “Le Journal du Dimanche” nəşri isə qeyd edib ki, Kastenin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Mümkündür ki, Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə etsin. Qeyd olunub ki, Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək.

    Şübhəsiz ki, E. Makron hökumət başçısı vəzifəsinə özünə yaxın adamın təyin edilməsinə çalışacaq. Çünki vəziyyət o qədər gərgindir ki, E.Makron artıq yaxın ətrafına da güvənə bilmir. Hakimiyyət üçün ciddi təhdidlər var.

    Bununla belə, prezident, yəqin ki, solçuların xəbərdarlıqlarını da nəzərə almalı olacaq. Onun indiki anda “rus ruleti” oynaması üçün şansları çox azdır. Ölkə liderinin buna gedəcəyi inandırıcı görünmür.

    Beləliklə, ölkə faktiki olaraq vətəndaş müharibəsi astanasındadır. Bu, bəlkə də, E.Makronun prezident kimi fəaliyyətinin “pik” həddidir. Fransada növbəti prezident seçkiləri 2027-ci ildə keçirilməlidir. Əgər E.Makron o zamana qədər hakimiyyətini qorusa, çox böyük ehtimalla növbəti dəfə seçilməyəcək və Yelisey sarayı ilə vidalaşacaq. Bu, Makron üçün mümkün yaxşı versiyadır. Amma daha ağlabatanı da var: məhz davam edən qalmaqallar, səriştəsizliklər, uğursuzluqlar fonunda Makronun bu və ya digər formada, o cümlədən impiçmentlə hakimiyyətdən uzaqlaşdırılması. Hər halda “qum saatı işləyir” - zaman E.Makronun əleyhinədir.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR