Qazaxıstanın informasiya portalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə həsr olunmuş məqalə dərc ediblər.
Xalq yazıçısı və Azərbaycanın Əməkdar jurnalisti Elmira Axundovanın müəllifi olduğu “Ta, komu mnoqoe dano...” adlı məqalə Qazaxıstanın abai.kz, adyrna.kz və mezgil.kz internet resurslarında dərc olunub.
Material Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə dərc edilib.
Məqalədə qeyd edilir ki, Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun xətti ilə əsaslı təmir olunmuş uşaq bağçaları, internat məktəbləri və xəstəxanalar istifadəyə verilir.
Məqalədə diqqətə çatdırılır: “Heydər Əliyev Fondu təsis edildikdən və birinci xanım statusu aldıqdan sonra Mehriban xanım Əliyevanın üfüqləri və fəaliyyət istiqamətləri ölçüyəgəlməz dərəcədə genişləndi. Bəli, o, Azərbaycan xalqının zəngin mənəvi-mədəni irsinin təbliği və inkişafı məsələlərini hələ də diqqətdən kənarda qoymayıb. Bununla belə, humanitar və xeyriyyəçilik dominantı onun fəaliyyətində prioritet oldu”
Elmira Axundova qeyd edir ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, xaricdə də xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Müəllif bu fəaliyyətin nəticələrini şəxsən Həştərxanda (Rusiya) və Budapeştdə (Macarıstan) müşahidə edib, Fond həmin şəhərlərdə əlil uşaqlar üçün məktəb və uşaq evini təmir edib.
Məqalədə Mehriban xanım Əliyevanın fəaliyyətinin təkcə regional deyil, həm də qlobal miqyas aldığı vurğulanır.
Müəllif qeyd edib: “Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı, dünyanın ən qədim tarix-arxeoloji qoruğu olan Qobustan, aşıq sənəti və Azərbaycan kəlağayısı, milli atçılıq oyunu olan çövkən...10-dan çox mövqe dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilib və bu siyahı genişlənməkdə davam edir”.
Xalq yazıçısı xatırladır ki, 2015-ci ildə I Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmışdı, bu müddət ərzində onlarla idman obyekti modernləşdirilməli və ya yenidən tikilməli, bütün zəruri idman infrastrukturu – Olimpiya kəndi, müasir mətbuat mərkəzləri və bir çox başqaları hazırlanmalı idi. Mehriban Əliyevanın rəhbərliyi ilə cəmiyyətin dəstəklədiyi təşkilat komitəsi Oyunlara hazırlıq işlərini, o cümlədən obyektlərin tikintisini vaxtından əvvəl başa çatdırdı.
Materialda, həmçinin xatırladılır ki, 2017-ci il fevralın 21-də Mehriban Əliyeva ölkədə ikinci mühüm dövlət vəzifəsinə - Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təsdiq edilib.
Məqalədə deyilir: “Mehriban Əliyeva bu yüksək vəzifəni yalnız ona mənəvi cəhətdən hazır olanda, yüksək milli etimad krediti toplayanda, bütün əvvəlki fəaliyyəti ilə beynəlxalq miqyasda qeyd-şərtsiz nüfuzunu sübut edəndə alıb” .
Azərbaycanın Xalq yazıçısı 44 günlük müharibədə Qələbədən sonra Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq işlərinin başlandığını oxucuların diqqətinə çatdırır. O qeyd edir ki, bu prosesə Prezidentlə birlikdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da rəhbərlik edir.
“Qarabağın bərpa edilmiş hər bir abidəsində, bərpa edilmiş hər bir məscid və ya muzey kompleksində birinci xanıma xas olan incə zövq və heyrətamiz meyar hissi sezilirdi”, - deyə məqalədə qeyd edilir.(AZƏRTAC)