Niderland hökuməti Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir.
Bu, "Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" ADLI beynəlxalq konfransın yekun bəyanatında deyilir.
Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu, Boneyra İnsan Haqları Təşkilatı və Dəyişiklik Naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda “Boneyra Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı Öz Müqəddəratını Təyınetmə Yolu" mövzusunda beynəlxalq konfrans keçirilib. Bu tədbir əsarət altında olan Boneyra xalqının durumuna həsr olunub və maraqlı tərəflərə Niderlandın müstəmləkə siyasətinin fəsadlarını müzakirə etmək üçün geniş imkan yaradıb.
Bildirilib ki, 2015-ci il 18 dekabr tarixində keçirilmiş referendumda seçicilərin 66%-i 2010-cu ildən etibarən Boneyrada tətbiq edilən konstitusiya statusunu rədd edib:
"Bu nəticələr ada parlamentinin nümayəndələri tərəfindən Boneyra xalqının qanuni və hüquqi demokratik qərarı kimi yekdilliklə təsdiqlənib. Lakin Niderland hökuməti referendumun nəticələrini nəzərə almadan mövcud vəziyyəti saxlayıb".
Yekun bəyanatda nəticə olaraq Boneyranın yenidən özünü idarə etməyən ərazi kimi siyahıya alınması ilə bağlı qətnaməyə beynəlxalq dəstəyin göstərilməsi üçün çağırış edilib.
Diqqətə çatdırılıb ki, Boneyra öz müqəddəratını təyinetmə və özünüidarəetmə hüququnu qorumaq və təmin etmək naminə özünü idarə etməyən ərazi kimi yenidən qeydiyyata alınmasını müdafiə etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini almağa çalışır. Bildirilib ki, bu məsələ ilə bağlı qətnamənin Sent Vinsent və Qrenadinin baş naziri və Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) keçmiş prezidenti Ralf Qonsalvesin rəhbərliyi altında 2024-cü il oktyabr ayının əvvəlində BMT Baş Assambleyasında dekolonizasiya gündəliyinin bir hissəsi olaraq yeddi Karib adası tərəfindən təqdim ediləcəyi gözlənilir:
"Biz BMT Baş Katibindən və BMT üzv dövlətlərindən həmrəylik göstərməyə çağırırıq və Boneyra xalqının öz müqəddəratını təyin etmə hüququnu müdafiə edən bu humanitar əhəmiyyətli mübarizəni dəstəkləmələrini, Boneyra məsələsinə dair Qətnaməyə həmmüəllif kimi yeddi Karib adasına qoşulmalarını xahiş edirik. Bu qətnamə Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsini və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur.
Boneyra xalqı olaraq biz Qoşulmama Hərəkatı Troykasının üzvü kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən Qoşulmama Hərəkatı ölkələrini Boneyra xalqının beynəlxalq dekolonizasiya hüququna uyğun olaraq öz müqəddəratını təyin etmə hüququnu dəstəkləməyi və Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsi məsələsini qaldırmağı xahiş edirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.