Son 4 ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında keçirilən təqdimat mərasimini aparan hüquq müdafiəçisi Rauf Zeyni çıxış edərək kitabın strateji əhəmiyyətdən danışaraq qeyd etdi ki, kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir.
Daha sonra kitabın müəllifi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist çıxış edərək bildirib: “Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Bu insanların taleyi ilə bağlı müxtəlif mənbələrdən məlumat toplayarkən, bu qənaətə gəldik ki, ədalətin bitdiyi, vicdanın susduğu yerdə repressiya və qanunsuz əməllər başlayır. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir”.
Daha sonra BDU-nun müəllimi, xeyli sayda kitabın redaksiya heyətinin üzvü Nazim Vəlişov kitabda qaldırılan məqamlara diqqət çəkdi və ümumilikdə repressiya tarixindən danışdı. Daha sonra Təhmasib Novruzov, İradə Rzazadə, Əlisəfa Mehdiyev,Firudin Məmmədov, Müşfiq Əliyev, AMEA-nın Tarix institutunun professoru Vaqif Abışov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov və digər şəxslər çıxış edərək kitabla bağlı fikirlərini bildirdilər.
Qeyd edək ki, tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. Həmçinin kitabla bağlı AMEA-nın Ədəbiyyat İnstitutunun rəyi vardır.