Tanınmış şair Məmməd İsmayılın səhhəti yenidən pisləşib.
Kult.az xəbər verir ki, bu barədə Bakupost.az-a şairin qızı İntizar İsmayıl bildirib.
Onun sözlərinə görə, hazırda evdə yataq şəraitində olan 85 yaşlı şairin təcili xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
"Atamın ağrıları şiddətlənib. Ayaqları şişib, uzun müddət yataqda qaldığı üçün belində yataq yaraları əmələ gəlib. Evə həkimlər dəvət etdik. Bildirdilər ki, atam təcili şəkildə xəstəxanaya yerləşdirilməli və həkim nəzarətində ciddi müalicə almalıdır", - deyə İ.İsmayıl vurğulayıb.
Xatırladaq ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın səhhətində bu il yazın əvvəllərindən problem yaranmışdı. 85 yaşlı şairin ev şəraitində müalicəsi nəticə vermədiyinə görə, bir qrup ziyalı mətbuatda onun müalicəsinin nəzarətə götürülməsi ilə əlaqədar dövlətə çağırış etmişdi. O, aprel ayında "Bona Dea" hospitalına yerləşdirilmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə əməliyyat edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.