“Təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca amil olmuşdur. Otuz il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında olmuşdur”.
Bu fikirləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı səsləndirib.
Dövlət başçısı xatırladıb ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb.
İlham Əliyevin sözlərinə görə, biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu, mümkündür.
Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlət başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.