AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehranın Zəngəzur təlaşı: İran Rusiyanı hədəfə alır - ŞƏRH

  • + A
  • - A
  • 9-09-2024, 19:06

    Tehranın Zəngəzur təlaşı: İran Rusiyanı hədəfə alır - ŞƏRH

     
    Zəngəzur dəhlizi ilə bağlı İran və Rusiya arasında qarşılıqlı ittihamlar səngimir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda İrəvanı nəqliyyat kommunikasiyalarının açılmasına dair üçtərəfli sazişi sabotaj etməkdə ittiham etməsinin ardınca XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın “dəhliz Moskva üçün prioritet olaraq qalır” bəyanatı Tehranda ciddi etirazlara səbəb olub.

    Moskva israrla bəyan edir ki, dəhliz atəşkəs razılaşmasında nəzərdə tutulduğu qaydada açılmalıdır və onun təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməlidir.

    S.Lavrov Ermənistanın İranla üst-üstə düşən mövqeyini “sabotaj” adlandırır. Bu da Tehranı qıcıqlandırır. İrandan ard-arda ən müxtəlif ranqlı məmurlar, parlamentarilər bu səpgidə bəyanatlar səsləndirirlər. Xarici işlər naziri Abbas Əraqçi Zəngəzur dəhlizinin İranın “qırmızı xətti” olduğunu deyib. Bəyan edib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün “qırmızı xətt” deməkdir və bu, “tamamilə qəbuledilməzdir”.

    İran rəsmisinin bu açıqlaması Tehranın sözügedən dəhlizin açılmasına mane olması anlamına gəlir.


    Sergey Lavrov

    İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi də Zəngəzur dəhlizinin əleyhinə çıxış edib. O deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək. İbrahim Əzizinin sözlərinə görə, Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil. İranlı deputat əlavə edib ki, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək.

    İranın Ermənistandakı səfiri Mehdi Sübhani də oxşar açıqlama ilə çıxış edib. O, Azərbaycanı nəzərdə tutaraq Zəngəzur yolunun açılması barədə belə deyib: “Bəzilərinin Sünikdən (Zəngəzur mahalını nəzərdə tutur) keçən qondarma dəhlizlə bağlı arzu və istəkləri reallaşmayacaq. Qonşularımızın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”.

    İran tərəfi dəhlizlə yanaşı, Rusiyanı da hədəfə alan bəyanat səsləndirib. İran parlamentinin üzvü Fədahüseyn Maleki bildirib ki, Rusiyanın Ermənistan ərazisində dəhliz yaratmaq istəyi “arxadan zərbədir” və İran üçün “tamamilə qəbuledilməzdir”.

    Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan Maleki deyib ki, “İran diplomatiyası Rusiya prezidentinin Zəngəzur dəhlizinə dəstək verən son mövqeyinə qəti cavab verəcək”. O qeyd edib ki, Tehran marginallaşdırılarsa və ya sərhədləri təhdid edilərsə, qətiyyətli reaksiya verəcək.

    İran mediası da rəsmilərə qoşulub. Məsələn, “Tabnak” saytı qeyd edir ki, Zəngəzur dəhlizi yüklərin tranziti məsələsində İranın regiondakı strateji rolunu azalda bilər: “Bu dəhliz Türkiyə və Azərbaycanın rolunu gücləndirəcək ki, bu da güc balansının, İranın xeyrinə deyil, dəyişməsinə gətirib çıxaracaq”. “İsca News” saytı isə yazır ki, İran Zəngəzur dəhlizi məsələsində həssaslığını Rusiyaya çatdırmalıdır.

    "Ukraynadakı müharibədən sonra İran Rusiya ilə əməkdaşlığa görə çox əziyyət çəkdi, lakin, görünür, Moskva İranın mövqeyinə və onun "qırmızı xətlərinə" əhəmiyyət vermir, daha böyük imtiyazlar əldə etmək üçün onları qurban verir", - sayt yazır.

    Bütün bunlar ortaya maraqlı məqamları çıxarır. İran hakimiyyəti dəhlizlə bağlı Ermənistana deyil, Rusiyaya qarşı iddialar irəli sürür və sətiraltı, ünvansız şəkildə eyni mesajları verməkdə davam edir.

    İkincisi, İran tərəfi unudur ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat var və onun müvafiq maddəsində Azərbaycanın qərb regionları ilə Naxçıvanın birləşdirilməsi məsələsi qeyd olunub.

    Üçüncüsü, burada söhbət bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, yaxud da İrana hər hansı məhdudiyyət qoyulmur. Ona görə bu xüsusda İranın bu kimi açıqlamalarının məntiqi başa düşülmür.

    Dördüncüsü, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata tamamilə uyğundur. Belə olduqda İran hansı haqla Lavrovu hədəfə alır. Bu, onu göstərir ki, İran ya Qərblə Rusiya arasında oyun oynamaq istəyir, ya da Qərbə yaxınlaşmaq xətti götürür.

    Burada sual olunur: bu, İranın yeni prezidentinin, yoxsa İranın ali rəhbərliyinin xəttidir? Bunu anlamaq çətindir. Hər iki halda aydın görünür ki, İran Rusiyadan uzaqlaşmaq xəttini götürmək istəyir. Çünki Ukrayna müharibəsində İranın birbaşa rolu və iştirakı faktı var idi. İndi İran Qərbin təzyiqi ilə və Qərbə yaxınlaşaraq bu xətdən uzaqlaşmağa çalışır.

    Beləliklə, dörd ilə yaxındır ki, Zəngəzur dəhlizi ilə bağlı dəyişməz, barışmaz mövqe ortaya qoyan İran ilk dəfədir ki, Rusiya əleyhinə fikir səsləndirib, onunla "kəllə-kəlləyə" gəlib. Tehranın ehtiyatlanmasına səbəb də odur ki, Zəngəzur yolunun Rusiyanın nəzarəti altında açılması İran və Ermənistan arasında dövlət sərhədinin itirilməsinə səbəb olacaq.

    Maraqlıdır ki, Tehranın narazılığı ilə çərçivələnən Zəngəzur dəhlizi mövzusu 3+3 formatında keçiriləcək növbəti görüş ərəfəsində gündəmə gəlir. Ola bilsin ki, bu forumun iştirakçıları mübahisəli məsələlərə aydınlıq gətirə və tərəfləri maraqlandıran suallara cavab verə biləcəklər.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR