Ermənistan hökuməti Rusiyaya münasibətdə buraxdığı səhvi deyəsən, düzəltmək istəyir.
Bəlkə də, xaricdən Moskva-İrəvan əməkdaşlığına dair yeni təlimat alıb. Hər halda, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun İrəvana səfəri və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşü belə düşünməyə əsas verir.
Görüş zamanı ikitərəfli münasibətlər, o cümlədən ölkələr arasında iqtisadi əlaqələrin yekunu və ticarət dövriyyəsinə dair məsələləri müzakirə ediblər. Bildirilib ki, bu sahədə müsbət dinamika var. Rusiya ilə Ermənistan arasında bu ilin birinci yarısında ticarət dövriyyəsi 8,4 milyard dollardan artıq olub.
Overçuk görüşün məhsuldar olduğunu bildirərək, qeyd edib ki, gələcək planları da müzakirə ediblər. O, “Rusiya Dəmir Yolları” və onun törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolu”nun birbaşa köməyi ilə daşqınlardan sonra Ermənistan dəmir yolu relslərinin bərpasını “əmək şücaəti” adlandırıb. Onun sözlərinə görə, bu, Ermənistanı xarici aləmlə birləşdirən yeganə dəmir yoludur.
Rusiyanın Ermənistanla əlaqələri yalnız turizm, energetika, nəqliyyat və başqa sahələrlə bitmir. Humanitar istiqamətdə də Kreml İrəvana yardımları əvvəllər olduğu kimi davam etdirir. BMT-nin Ermənistanda elan etdiyi proqramlara Rusiya donor kimi 40 milyon dollara yaxın maliyyə vəsaiti xərcləyir. Bunu RF ilə Ermənistan arasında çoxsaylı əməkdaşlıq formatlarından biri sayırlar.
Belə ki, Ermənistanda ayrı-ayrı sosial qrupların, həm də respublika iqtisadiyyatının müxtəlif sahələrinin dəstəklənməsinə yönəlmiş BMT proqramları həyata keçirilir.
2020-ci ilin martından büdcəsi 2,8 milyon dollar olan “Ermənistanın Geqarkunik və Vayotsdzor vilayətlərinin sərhədyanı ərazilərində inklüziv iqtisadi inkişafın təşviqi”, 2021-ci ilin yazından “Ermənistanın kənd rayonlarının sosial-iqtisadi bərpası və dayanıqlığının gücləndirilməsi” (büdcə 1,7 milyon dollar), həmin ilin iyulundan isə “Ermənistanda münaqişədən sonra erkən bərpa və möhkəmlik” layihələri (büdcə 3,2 milyon dollar) icra edilir.
2022-ci ilin aprel ayından “Ermənistanın regionlarında gənclər üçün məşğulluq və gəlir imkanlarının təmin edilməsi” layihəsi (büdcə 2 milyon dollar) reallaşır və s.
Ermənistan ABŞ-nin xeyriyyəçiliyindən də yararlanır. Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu ölkəyə pul yardımını 120 milyon dollardan 250 milyon dollara qədər artıracaq. 2024-cü ilin iyununda Ermənistan və ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, Vaşinqtonun “demokratik islahatlar” aparmaq və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün İrəvana yardım göstərmək imkanlarını genişləndirir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 321 milyon dollar olub.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) öz ərazi bütövlüyünü bərpa edən Azərbaycana qarşı fəaliyyətsizlikdə ittiham edərək 2023-cü ildə Qərblə yaxınlaşmanı sürətləndirməyə başlayıb. Hətta, Azərbaycanla müvəqqəti sərhədə belə Avropa İttifaqı Şurası Mülkü Vətəndaş Müşahidə Missiyasını yerləşdirməklə Rusiya və KTMT-yə özünəməxsus meydan oxudu. Sonrakı mərhələdə ABŞ-nin yük təyyarələri İrəvana hərbi texnika və avadanlıq daşımağa başladı.
Belə bir şəraitdə Rusiya Ermənistanı daha “ağıllı olmağa” dəvət edib. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsinin zəruriliyindən bəhs etmişdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, ölkəsinin sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “Sərhədçilərimizin Ermənistandan çıxarılması onların təhlükəsizliyinə təsirsiz ötüşməyəcək”.
Bunu Moskvanın Ermənistana növbəti və daha sərt ismarışı da saymaq olar. Rusiya XİN-in açıqlamasından sonra Aleksey Overçukun səfəri qərbə, sağ-sola boylanan rəsmi İrəvanı sanki yerində oturdur.
Belə ehtimal etmək olar ki, baş nazirin müavini Ermənistan hakimiyyətinə ermənilərin keçmişini, indiki vəziyyətini və gələcəyini bir daha xatırladıb. Başqa “kim idiniz, kim oldunuz” sualı ətrafında onları düşünməyə dəvət edib. Əvvəllər Ermənistan məktəblərində “Erməni xalqının tarixi” fənni tədris olunurdusa, indi “Ermənistan tarixi”ndən dərs keçirlər. Bu dərsliyin yaranmasında Rusiyanın rolu əvəzsizdir.
Overçukun səfərinin əsas tezisinin Ermənistanı “ağıllı davranmağa dəvət” olduğunu ehtimal etmək mümkündür.
Çünki həmin görüşdən sonra Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi-Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi bağlanacağına dair xəbər yayılıb.
Məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yaysa da, bu, Ermənistanın xeyrinə olacaq hadisə sayılmır. Nəzərə almaq lazımdır ki, rəsmi Tbilisi Moskva ilə münasibətləri normallaşdırmağa səy göstərir. Ona görə yolun bağlanmasını da Gürcüstanın Rusiya qarşısında bir xoşməramlı jesti saymaq olar.
Baş nazir müavinin İrəvan görüşünün “məhsuldar” keçdiyinə dair açıqlaması Moskvanın Ermənistanı yerində oturtduğuna dair, yaxud bu istiqamətdə rəsmi İrəvana xəbərdarlıq etdiyini mülahizə etməyə əsas verir.
A.Overçukun səfəri ABŞ, Fransa və başqalarının Ermənistana maraqlarını reallaşdırmaq üçün qoyduqları mayanın batması kimi də qəbul etmək olar. Çünki ötən illərin hadisələri, bu ölkənin potensialı və başqa göstəriciləri rəsmi İrəvanın RF-yə qarşı çıxmağa gücü və cürəti çatmadığı ehtimalını söyləməyə imkan yaradır.
İrəvanın demokratiya oyunu oynaması, Qərblə Rusiya arasında ikili oyun oynaması Ermənistan hakimiyyətinin yolunun azmasının göstəricisidir. Hadisələrin gedişi sübut edir ki, hamıya, hər kəsə razılıq vermək etimadsızlıq yaradır. Bu baxımdan Ermənistanın həm qərbin, həm də Rusiyanın idarə etdiyi avtomobildə olması mümkünsüzdür. Ona görə də demək olar ki, Overçuk Paşinyana bunu izah etdiyi üçün görüşü məhsuldar sayıb.
Odur ki, ABŞ-nin Ermənistana qoyduğu mayanın batdığını, Rusiyanın isə ermənilərə xərclədiyi maliyyə vəsaitinin dirildiyini söyləmək mümkündür.(Report)