Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi Azərbaycanda sosial şəbəkələrdən istifadə qaydalarında ciddi dəyişikliklər nəzərdə tutur. Layihəyə əsasən, yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşdan aşağı şəxslərin qeydiyyatı qadağan ediləcək.
Sənədə görə, sosial şəbəkə platformaları istifadəçinin yaşını bir neçə mərhələdə yoxlamalıdır. Bunun üçün istifadəçilərdən mobil telefon nömrəsi, elektron poçt ünvanı və bəzi hallarda bank kartı məlumatları tələb oluna bilər. 16-18 yaş arası yeniyetmələrin qeydiyyatı isə qanuni nümayəndələrinin razılığı əsasında həyata keçiriləcək.
Qanun layihəsində uşaqların rəqəmsal təhlükəsizliyinə xüsusi yer ayrılıb. Belə ki, 16-18 yaşlı istifadəçilərin hesablarında təhlükəsiz istifadə rejimi tətbiq olunmalı, geolokasiya məlumatlarının açıqlanması məhdudlaşdırılmalı, asılılıq yaradan və ya sağlamlığa zərər vuran məzmunların yayılmasının qarşısı alınmalıdır. Eyni zamanda, uşaqlar üçün zərərli hesab edilən məzmunların platformalarda yerləşdirilməsi qadağan olunur.
Layihəyə əsasən, uşaqların həyatına, sağlamlığına və hüquqlarına təhlükə yaradan məzmun aşkar edildikdə sosial şəbəkə platformaları 24 saat ərzində müdaxilə edərək onun yayılmasını dayandırmalıdır.
Yeni tələblər yalnız istifadəçilərə deyil, platformaların özlərinə də şamil edilir. Azərbaycandakı istifadəçilərə xidmət göstərən sosial şəbəkələrin ölkədə rəsmi qeydiyyatdan keçməsi, əlaqə mərkəzi yaratması və dövlət qurumlarının sorğularını müəyyən edilmiş müddətdə cavablandırması tələb olunur.
Qaydaların pozulması hallarında isə ciddi maliyyə sanksiyaları nəzərdə tutulur. Platformalar üçün cərimələr on minlərlə manatdan başlayaraq yüz minlərlə manata çata bilər. Tələblərin yerinə yetirilməməsi davam edərsə, reklam fəaliyyətinə məhdudiyyətlər tətbiq oluna, hətta platformaların internet trafikinin mərhələli şəkildə azaldılması barədə qərarlar qəbul edilə bilər.
Qanun layihəsi qəbul edilərsə, dərc olunduqdan 12 ay sonra qüvvəyə minəcək. Platformalara isə bu müddət ərzində texniki uyğunlaşma və yaş yoxlama sistemlərinin qurulması üçün vaxt veriləcək.
Beləliklə,
Sosial şəbəkələrdə qeydiyyat üçün minimum yaş həddi 16 yaş müəyyən edilir;
16 yaşdan kiçik şəxslərin hesab açmasına icazə verilməyəcək;
16-18 yaşlı istifadəçilər üçün valideyn nəzarəti mexanizmi tətbiq olunacaq;
Sosial şəbəkələr uşaqlar üçün zərərli məzmunu 24 saat ərzində silməli olacaq;
Platformalar Azərbaycanda rəsmi qeydiyyatdan keçməli və yerli nümayəndəlik yaratmalıdır;
Tələbləri pozan platformalara yüz minlərlə manat cərimə, reklam qadağası və hətta internet trafikinin məhdudlaşdırılması kimi sanksiyalar tətbiq edilə bilər.