AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Lüks” sinif biletin qeyri-lüks xudməti - ADY-nin yarıtmaz xidmətindən narazılıq

  • + A
  • - A
  • Bu gün, 11:10

    “Lüks” sinif biletin qeyri-lüks xudməti -  ADY-nin yarıtmaz xidmətindən narazılıq


    Son günlər qatarlarla bağlı sərnişin şikayətlərinin ardı-arası kəsilmir. Azadmedia.az xəbər verir ki, bu dəfə narazılığını sosial şəbəkədə sərnişin Rəsul Məmmədov ifadə edib. O, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ilk səfərinin gözləntilərini doğrultmadığını və xidmət səviyyəsindən məyus qaldığını bildirib.

    Onun sözlərinə görə, ABŞ səfərindən qayıdarkən Bakıya birbaşa aviabilet tapa bilmədiyi üçün Tbilisi üzərindən qayıtmağa qərar verib. Mətbuatda Bakı–Tbilisi–Bakı qatar reysinin yenidən fəaliyyətə başlaması barədə xəbərləri gördükdən sonra o, qatarla səyahəti seçib. Məmmədov bildirib ki, biletlərin satışa çıxarıldığı ilk gün Tbilisi–Bakı istiqamətində yalnız 231,29 manatlıq “Lüks” sinif bileti qalmışdı və o da həmin bileti alıb.

    Sərnişin qeyd edib ki, “Lüks” sinifdən ayrıca kupe, yüksək xidmət səviyyəsi, qidalanma, televiziya, şəxsi sanitar qovşağı və digər üstünlüklər gözləsə də, reallıq fərqli olub.

    Rəsul Məmmədovun iddiasına görə, Tbilisi vağzalında bilet yoxlanışı zamanı ona 6 kiloqramlıq əlavə çantasına görə 50 manat ödəməli olduğu bildirilib. O, baqaj qaydalarından xəbərsiz olduğunu və yalnız bir çantanın pulsuz daşınmasına icazə verildiyini həmin vaxt öyrəndiyini deyib. Sərnişinin sözlərinə görə, vəziyyəti izah etməyə çalışsa da, əlavə ödəniş etmək məcburiyyətində qalıb.

    Məmmədov daha sonra bildirib ki, kupedə onu başqa bir sərnişin də gözləyib və məlum olub ki, “Lüks” sinif bileti ayrıca kupe deyil, iki nəfərlik kupe şəraitini nəzərdə tutur.

    Onun narazı qaldığı məqamlardan biri də qidalanma xidmətləri olub. Sərnişinin sözlərinə görə, bələdçidən çay istədikdə ona restoran vaqonuna müraciət etməsi tövsiyə olunub. Restoran vaqonunda isə qiymətlərin yüksək olduğunu, sifariş etdiyi yeməyi təxminən bir saat yarımdan sonra ala bildiyini iddia edib.

    Rəsul Məmmədov həmçinin qatar daxilində internetin işləmədiyini, kupedə istilik problemi yaşandığını və televizorun da işlək vəziyyətdə olmadığını bildirib.

    Sərnişin hesab edir ki, qatarı seçməklə aviabiletlə müqayisədə qənaət etmək istəsə də, əlavə baqaj ödənişi və digər xərclər nəzərə alındıqda əldə etdiyi üstünlük minimal olub. O, bu səfərin həmin marşrut üzrə ilk və son qatar səyahəti olacağını vurğulayaraq, gələcəkdə təyyarə ilə səyahətə üstünlük verəcəyini qeyd edib.

    Qeyd edək ki, səsləndirilən iddialar sərnişin Rəsul Məmmədovun şəxsi fikirləridir. Məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarının mövqeyi açıqlanacağı təqdirdə materiala əlavə edilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR