ADY-də elektron xidmətlər niyə sərnişinin etimadını doğrultmur?
Son dövrlər Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyəti ilə bağlı narazılıqlar səngimək bilmir. Qatarların gecikməsi, sərnişinlərin vaxtında məlumatlandırılmaması, xidmət keyfiyyəti ilə bağlı iradlardan sonra bu dəfə elektron bilet sistemi ilə bağlı problemlər gündəmə gəlir. Bu isə göstərir ki, problem artıq ayrı-ayrı təsadüfi hallardan yox, sistemli çatışmazlıqlardan qaynaqlanır.
Vətəndaş Ayxan Bayramovun paylaşdığı məlumata görə, o, elektron bilet sistemi vasitəsilə yer seçərək bank kartı ilə ödəniş edib. Vəsait kartından çıxılıb, lakin bir müddət sonra heç bir əsaslandırma təqdim edilmədən məbləğ geri qaytarılıb və bilet rəsmiləşdirilməyib. Nəticədə sərnişin həm vaxt itirib, həm də planlarını dəyişməyə məcbur qalıb.
https://www.linkedin.com/posts/aykhan-bayramov-854494288_h%C3%B6rm%C9%99tli-az%C9%99rbaycan-d%C9%99mir-yollar%C4%B1n%C4%B1n-r%C9%99hb%C9%99rliyi-ugcPost-7472037509347065856-t9rf?utm_source=social_share_send&utm_medium=android_app&rcm=ACoAABAKnz4BAKVrY0Ypsbhb-KPNubr46foVn-c&utm_campaign=whatsappBu cür hallar rəqəmsal xidmətlərə olan etimadı ciddi şəkildə sarsıdır. Əgər ödəniş uğurla həyata keçirilirsə, sistem niyə bileti təsdiqləmir? Əgər texniki nasazlıq baş veribsə, niyə sərnişinə dərhal məlumat verilmir? Bu suallar cavabsız qaldıqca narazılıqlar da artır.
Xüsusilə bayram və istirahət günlərində biletlərə tələbat yüksək olduğu vaxtlarda belə problemlər vətəndaşların alternativsiz qalmasına səbəb olur. Sonradan pulun qaytarılması sərnişinin itirdiyi vaxtı və yaranmış narahatlığı kompensasiya etmir.
ADY son illər rəqəmsallaşma istiqamətində müəyyən addımlar atdığını bəyan etsə də, elektron xidmətlərin etibarlılığı və operativliyi ilə bağlı problemlər hələ də qalmaqdadır. Müasir nəqliyyat xidmətində əsas meyarlardan biri etibarlı elektron sistem və şəffaf müştəri xidmətidir.
Ayxan Bayramov məsələ ilə bağlı rəsmi izahat, hadisənin araşdırılması və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün tədbirlərin görülməsini tələb edir. Bu müraciətin obyektiv araşdırılması bir sərnişinin deyil, minlərlə istifadəçinin maraqlarına xidmət edər.
ADY rəhbərliyi artan narazılıqları "ayrı-ayrı texniki nasazlıq" kimi qiymətləndirmək əvəzinə, elektron bilet sisteminin etibarlılığını artırmalı, sərnişinlə operativ kommunikasiya qurmalı və xidmət keyfiyyətini real şəkildə yüksəltməlidir. Əks halda, vətəndaşların etimadını bərpa etmək getdikcə daha da çətin olacaq.