AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Naxçıvan regional nəqliyyat və enerji mərkəzinə çevrilir

  • + A
  • - A
  • Bu gün, 11:52

    Naxçıvan regional nəqliyyat və enerji mərkəzinə çevrilir

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf modelinə dair mühüm strateji mesajları özündə əks etdirir. Müsahibənin məzmunundan aydın olur ki, Naxçıvanın inkişafına yanaşma artıq ayrı-ayrı infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır. Qarşıdakı mərhələdə əsas məqsəd təhlükəsizliyi, enerji dayanıqlığını, sənayeləşməni, nəqliyyat bağlantılarını, kənd təsərrüfatını, turizmi və müasir idarəetməni vahid inkişaf konsepsiyasında birləşdirməkdir.

    Prezidentin səfər çərçivəsində səsləndirdiyi fikirlər göstərir ki, Naxçıvan Azərbaycanın regional və beynəlxalq nəqliyyat, enerji və iqtisadi əlaqələr sistemində daha böyük rol oynamağa hazırlaşır. Bu baxımdan Naxçıvanın coğrafi mövqeyi artıq yalnız mürəkkəb coğrafi reallıq kimi deyil, yeni imkanların əsas mənbələrindən biri kimi qiymətləndirilir.

    Naxçıvanın strateji mövqeyi onun təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayıb. Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi siyasət nəticəsində muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Əlahiddə Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və komando qüvvələrinin formalaşdırılması Naxçıvanın təhlükəsizlik arxitekturasını daha da möhkəmləndirib.

    Prezidentin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də budur ki, təhlükəsizlik artıq inkişafın qarşısında duran əsas problem kimi deyil, inkişaf üçün yaradılmış etibarlı baza kimi təqdim olunur. Başqa sözlə, Naxçıvanda təhlükəsizlik məsələlərinin həlli sosial-iqtisadi inkişafın daha sürətli aparılmasına imkan yaradır.

    Naxçıvanın gələcək inkişafında enerji sektoru xüsusi əhəmiyyət daşıyır. Prezidentin açıqladığı rəqəmlər və layihələr muxtar respublikanın enerji sisteminin sadəcə daxili tələbatı ödəyən strukturdan ixrac yönümlü sistemə çevriləcəyini göstərir.

    Hazırda Naxçıvanın generasiya gücünün təxminən 200 meqavat olduğu bildirilib. 300 meqavatlıq yeni istilik elektrik stansiyasının tikintisi isə mövcud generasiya imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bununla yanaşı, iki 50 meqavatlıq Günəş elektrik stansiyasının tikintisi, Ordubadın Tivi kəndində su elektrik stansiyası layihəsi və gələcəkdə yüzlərlə meqavatlıq Günəş elektrik stansiyalarının yaradılması Naxçıvanın enerji xəritəsini dəyişəcək.

    Burada əsas strateji məqam bərpaolunan enerjinin istehsalının artırılması ilə yanaşı, onun ixrac imkanlarının genişləndirilməsidir. Prezidentin müsahibəsində Naxçıvanda Günəş enerjisinin istehsal potensialının ən azı 500 meqavat, hətta 1000 meqavata çata biləcəyi vurğulanıb.

    Bu, Naxçıvan üçün yeni iqtisadi model deməkdir. Muxtar respublika gələcəkdə yalnız enerji istehlak edən ərazi deyil, həm də enerji istehsal edən və ixrac edən mərkəzə çevrilə bilər.

    Bu baxımdan Türkiyə və İran istiqamətlərində mövcud elektrik bağlantılarının gücləndirilməsi, gələcəkdə Avropa bazarına çıxış imkanlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Qara dəniz üzərindən enerji ixracı layihələri və Mərkəzi Asiya ilə elektrik enerjisi bağlantılarının yaradılması istiqamətində atdığı addımlar Naxçıvanın enerji strategiyasına da əlavə imkanlar qazandırır.

    Müsahibənin ən mühüm istiqamətlərindən biri Zəngəzur dəhlizi ilə bağlı açıqlamalardır. Prezidentin sözlərindən aydın olur ki, Azərbaycan Naxçıvanla bağlı nəqliyyat layihələrinə yalnız milli bağlantı məsələsi kimi yanaşmır.

    Naxçıvan dəmir yolunun bərpası və Ermənistan ərazisindən keçən bağlantının yaradılması Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qovşaqlarından birinə çevirə bilər.

    Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil yolunun və dəmir yolunun inşasının sürətlə davam etdirilməsi, Naxçıvan istiqamətində dəmir yolu infrastrukturunun bərpası bu strategiyanın əsas elementləridir.

    Prezidentin açıqladığı 194 kilometrlik yeni dəmir yolu konsepsiyası da xüsusi diqqət çəkir. Burada məqsəd yalnız mövcud xətti bərpa etmək deyil, gələcəkdə 15 milyon tona qədər yükdaşıma imkanına malik müasir nəqliyyat infrastrukturu yaratmaqdır.

    Bu rəqəm Naxçıvanın iqtisadi gələcəyi baxımından mühüm göstəricidir. Çünki 15 milyon tonluq yük potensialı yalnız tranzit imkanlarının genişlənməsi deyil, logistika mərkəzlərinin, anbarların, xidmət sektorunun, yeni müəssisələrin və minlərlə iş yerinin yaradılması deməkdir.

    Naxçıvanın coğrafi mövqeyi burada mühüm üstünlük yaradır. Bir tərəfdən Azərbaycan ərazisindən Türkiyəyə, digər tərəfdən İran vasitəsilə Fars körfəzi istiqamətinə çıxış imkanları formalaşır. Beləliklə, Naxçıvan regional ticarət yollarının kəsişdiyi mühüm logistika məkanına çevrilə bilər.

    TRIPP və yeni regional bağlantılar mövzusu da müsahibədə diqqət çəkdi.
    Müsahibədə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların Naxçıvanın gələcəyi üçün yaratdığı imkanlar da xüsusi yer tutur. TRIPP layihəsinin icrasına başlanması regional nəqliyyat xəritəsində yeni mərhələnin formalaşmasına şərait yaradır.

    Bu layihənin əhəmiyyəti yalnız dəmir yolu və avtomobil yolu ilə məhdudlaşmır. Prezidentin qeyd etdiyi kimi, gələcəkdə bu xətt üzrə fiber-optik kabel, elektrik xətləri və ehtiyac yaranarsa digər enerji infrastrukturlarının yaradılması mümkündür.

    Görülən işlər, aparılan danışıqlar nəticəsində Zəngəzur bağlantısı klassik nəqliyyat dəhlizindən daha geniş məna daşıyan regional kommunikasiya xəttinə çevrilə bilər.

    Naxçıvanın yaşıl enerji zonası kimi perspektivi də maraqlı və diqqətçəkən oldu.
    Naxçıvanın Günəş və su ehtiyatları onun yaşıl enerji baxımından böyük potensiala malik olduğunu göstərir. Bu potensialın reallaşdırılması həm iqtisadi, həm də ekoloji baxımdan mühüm nəticələr verəcək.

    Bərpaolunan enerji layihələrində özəl sektorun fəal iştirakı isə dövlət-investor əməkdaşlığının yeni mərhələsini nümayiş etdirir. Xarici investorların Naxçıvanın enerji layihələrinə maraq göstərməsi muxtar respublikada investisiya mühitinin genişləndiyini göstərən mühüm amildir.

    Bununla yanaşı, bərpaolunan enerji istehsalının artması enerji saxlanc sistemlərinin yaradılmasını zəruri edir. Naxçıvanda ilkin mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması ilə bağlı verilən göstəriş də məhz bu strategiyanın tərkib hissəsidir.

    Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi strukturunun şaxələndirilməsi baxımından mühüm addımdır.
    Sənaye parkının əsas üstünlüyü ondan ibarət olacaq ki, burada yeni istehsal sahələrinin yaradılması üçün daha əlverişli mühit formalaşacaq. Bu isə həm yerli resurslardan daha səmərəli istifadə, həm yeni iş yerlərinin açılması, həm də qeyri-neft sektorunun inkişafı üçün əlavə imkanlar yaradacaq.

    Sənaye Parkının tərkibində 300 meqavatlıq istilik elektrik stansiyasının yaradılması isə enerji və sənaye siyasətinin bir-birini tamamladığını göstərir.

    Ölkə rəhnərinin qeyd etdiyi kimi Naxçıvanın inkişaf strategiyasında kənd təsərrüfatının da mühüm yeri var. Suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, müasir suvarma texnologiyalarının tətbiqi və istifadəsiz qalan torpaqların dövriyyəyə qaytarılması kənd təsərrüfatının məhsuldarlığının artırılmasına xidmət edəcək.

    Bu istiqamətdə əsas məqsəd yalnız istehsalın artırılması deyil, kənd yerlərində məşğulluğun genişləndirilməsi, fermerlərin gəlirlərinin yüksəldilməsi və aqrar sektorun iqtisadiyyatdakı rolunun gücləndirilməsidir.

    Naxçıvan şəhərinin ictimai nəqliyyatının yenilənməsi də sosial siyasətin mühüm istiqamətlərindən biridir. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının ekoloji və texnoloji baxımdan yenilənməsinə imkan yaradır.

    Bundan əlavə, şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması nəzərdə tutulur. Bu addım Naxçıvanın rayon və kəndlərinin bir-biri ilə əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    Təxminən 420 kilometr müxtəlif kateqoriyalı yolun tikintisi və əsaslı təmiri isə 26 yaşayış məntəqəsində yaşayan təxminən 160 min insanın həyatına birbaşa təsir göstərəcək.

    Naxçıvanın inkişaf modeli yalnız iqtisadi göstəricilərlə ölçülmür. Prezidentin müsahibəsində tarixi-mədəni irsin qorunmasına xüsusi diqqət ayrılması da təsadüfi deyil.

    Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinə abidənin ucaldılması və digər tarixi obyektlərin konservasiyası Naxçıvanın turizm potensialının inkişafı baxımından da əhəmiyyətlidir.

    Naxçıvanın qədim tarixi, memarlıq abidələri, təbiəti və iqlimi turizm üçün böyük imkanlar yaradır. Bu potensialın reallaşdırılması üçün isə müasir turizm infrastrukturu vacibdir. Şəhər mərkəzində yeni beşulduzlu hotelin inşası bu baxımdan mühüm addımdır.

    Müsahibənin ən mühüm siyasi-institusional mesajlarından biri Naxçıvanda idarəetmə modelinin təkmilləşdirilməsi ilə bağlıdır.

    Prezidentin açıqlamalarından görünür ki, Naxçıvanın muxtar respublika statusunun qorunması şərtilə idarəetmə mexanizmlərinin Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni modelə uyğunlaşdırılması nəzərdə tutulur.

    Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda tətbiqi bu baxımdan mühüm struktur islahatı kimi qiymətləndirilə bilər. Məqsəd idarəetmədə çevikliyi artırmaq, dövlət siyasətinin yerlərdə daha effektiv icrasını təmin etmək və müxtəlif sahələr üzrə layihələri vahid koordinasiya altında həyata keçirməkdir.

    Bu yanaşma Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun inkişafının vahid konsepsiya çərçivəsində əlaqələndirilməsinə imkan yaradır.

    Prezidentin müsahibəsində səsləndirilən fikirlərin ümumi məntiqi göstərir ki, Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır.

    Əvvəlki mərhələdə əsas diqqət təhlükəsizliyin təmin olunmasına, enerji və sosial infrastrukturun qurulmasına yönəlmişdisə, yeni mərhələdə əsas hədəflər sənayeləşmə, tranzit, logistika, yaşıl enerji, ixrac, turizm, kənd təsərrüfatı və investisiyaların cəlb edilməsidir.

    Ən mühüm məqam isə bütün bu istiqamətlərin bir-birindən ayrı deyil, vahid sistem kimi nəzərdə tutulmasıdır. Dəmir yolu sənayeni, sənaye enerji tələbatını, enerji ixracı yeni gəlir imkanlarını, nəqliyyat dəhlizləri isə ticarət və logistikanı stimullaşdıracaq. Turizm və tarixi-mədəni irsin qorunması xidmət sektorunu genişləndirəcək, kənd təsərrüfatına yatırımlar isə regionlarda məşğulluğu artıracaq.

    Bu baxımdan Naxçıvanın qarşıdakı illərdə Azərbaycanın yalnız coğrafi baxımdan ayrı düşmüş ərazisi deyil, regionlararası əlaqələrin mühüm həlqələrindən biri kimi çıxış etməsi gözlənilir.

    Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də bu strategiyanın miqyasını göstərir. Zəngilanla Ordubad arasındakı 42 kilometrlik məsafə gələcəkdə iqtisadi, enerji, nəqliyyat və sosial əlaqələrin daha da gücləndirilməsi üçün mühüm imkan yaradır.

    Nəticə etibarilə, Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində verdiyi mesajlar göstərir ki, qarşıdakı dövrdə əsas məqsəd Naxçıvanın potensialını tam şəkildə iqtisadi dövriyyəyə cəlb etməkdir. Təhlükəsizlik və enerji təminatında əldə olunan nəticələr artıq yeni mərhələnin – istehsal, ixrac, tranzit, investisiya və regional inteqrasiya mərhələsinin əsasını formalaşdırır.

    Naxçıvanın gələcəyi bu baxımdan yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafı məsələsi deyil. Bu, Azərbaycanın yeni regional iqtisadi və nəqliyyat arxitekturasında tutacağı mövqenin mühüm hissəsidir. Dövlətin siyasi iradəsi, maliyyə imkanları, yeni idarəetmə modeli və strateji layihələrin paralel həyata keçirilməsi Naxçıvanın yaxın illərdə Cənubi Qafqazın mühüm nəqliyyat, enerji və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün real zəmin yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR