AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İntizarın sonu var...

  • + A
  • - A
  • 26-09-2020, 10:22

    (Şuşadan Bakıya ümid məktubu)


    Salam olsun sənə, ey mənim ümidim, pənahım, şanlı-şöhrətli, qüdrətli Bakım! Elə indicə radioda xalq artisti Yalçın Rzazadənin xoş ovqatlı səsi gəlir:

    Qayıdıb xoş güzərdən,

    Günəş qalxır Xəzərdən...

    Sevgilim keçən yerdən

    Bütün şəhər yeriyir,

    Bakı, sabahın xeyir!

    Mən də sənə əziz Bakım, hər vaxtın xeyir olsun deyirəm. Neçə illərdi ki, mənim sabahlarım şərin bətnindən doğulan iblis nökərlərinin üzünə açılır. Təki sənin bütün sabahların həmişə xeyirə açılsın, axşamların xeyir olsun! Efir dalğalarından tez-tez xoş sorağını eşidirəm. Elə ki, diktor “Danışır Bakı” deyir, bax onda ruhum bizim Qarabağ atları kimi şahə qalxır. Amma səsini təkcə mən yox, içini kin-kidurət və paxıllıq kiri basmış dığalar da eşidir. Son günlər isə səsin gələndə dığaların kürklərinə birə düşür. Ora-bura vurnuxub papiroslarını tüstülədə-tüsdülədə öz dillərində nəsə qırıldadırlar. Elə bil içləri alovlanır. Deyirəm, bəlkə də özləri üçün cəhənnəmə tədarük görürlər...

    Xəzər gözlüm, Bakım mənim!

    Mənimsə içimi yandıran odur ki, bu yolsuzların qaladığı ocağa quzeydən, güneydən odun atırlar. Düzü, sənin bildiklərini dübarə yazıb, qanını qaraltmaq istəmirəm. Özün də yaxşı bilirsən, illər öncə - bahar çağı erməni dığalarının məni işğal etməsi tarixdə görünməyən bir möcüzə idi. Elə o vaxtan hər dəfə yurdumuza bahar gələndə başqa bir möcüzə də gözləyirəm. Həmin möcüzə Milli Ordumuzun igid əsgərləri bağrımın başına - qala bürcümə Qələbə bayrağını cancan günü baş verəcək!

    Ey Ağ şəhəri ağ günlərindən soraq verən ulu Bakım!

    Bilirəm ki, bu illər ərzində məni bir an da unutmamısan. Axı sən yurdumuzun Baş şəhərisən. Odlar yurdumun ağıllı başlarını ağuşuna alıb məni xilas etməyin yollarını düşünürsən. Ancaq səndən sənə bir-iki kiçik giley-güzarım da var. Deyirəm, nə əcəb düşmən tapdağında qalan Xarı bülbülün adında kafe, sinəmdə çağlayan İsa bulağı adında restoranın, mənim adıma da şadlıq sarayın var, bəs niyə Azərbaycan televiziya kanallarının cərgəsində adım yoxdur?!

    Yəqin deyəcəksən ki, bu mənlik deyil. Özün də şahidsən ki, 20 Yanvar hadisələrinin ertəsi günü rus ordusu (?) sənin telestudiyanı partladanda, mənim telestudiyam dünyaya o dəhşətli faciəni bəyan etdi. Baxmayaraq ki, ermənilər də telestudiyamın işinə əngəllər törədirdilər. Üç-dörd saat yayımlanan verilişlər həm də AzTV-nin əməkdaşları - şəhid telejurnalist Alı Mustafayevin, hazırda Ağdam Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışan Fəxrəddin Hacıbəylinin, operator Şakir Gülməmmədovun, sonradan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizami Bəhmanovun birgə səyilə ərsəyə gəlirdi.

    O vaxtlar mənim merim rəhmətlik Mikayıl Gözəlov idi. O, xalq arasında xüsusi hörmət və nüfuza malik çox vətənpərvər insan, bütün varlığı ilə torpağa bağlı insan idi. Bəlkə elə bu səbəbdən də onu müəmmalı şəkildə kabinetində güllələyərək qətlə yetirdilər…

    Ey nur dənizli, dünyaya işıq saçan Bakım mənim!

    Bir giley-güzarım da Xəzərin sahilində ucalan hündür hasarlarla bağlıdır. Görünür, 70 il bizə ağalıq edən Sovet hökumətinin heç zərrə qədər də ağlı-zadı yox imiş! Çünki dəfələrə kosmosa adam çıxarsa da, yerdə - dənizin sahillərini hasara almağın “özəlliyini və gözəlliyini” dərk etməyib. Onu da eşitmişəm ki, indi qoynundan üzü cənuba, şimala yeni, abad, geniş yollar çəkilib. Kaş ki, o təzə yollardan biri də mənim ürəyimin başına çəkiləydi. İllərlə həsrətimdə olanlar o yollarla geri dönəydilər…

    Etiraf edim ki, uzun müddət yalqız idim, ins-cins səsi belə eşitmirdim. Cıdır düzümdə də yel vurub, yengələr oynayırdı. Günlərin bir günü bu erməni əbləhlər yığışıb Cıdırda eşşək yarışı keçirdilər. “Eşşək anqırar, tayını tapar” boş yerə deməyiblər. Hə, hə, o qocaq, mərd türk kişilərin vaxtilə Qarabağ atlarının yarışını keçirdiyi Cıdır düzümə eşşəklər ayaq açandan sonra dığalar bura axışdı. Bağrımın başında elə od qaladılar ki, tüstüm ərşə dirəndi. Bax, hər şey də ondan sonra başladı. Məclis qurdular, yeyib –işdilər, keşişi naziri, hətta faşist “Ocaq”qalayanı - Zori Balayanı gəlib burada oynayıb axmaq bir sağlıq dedi: “Allah bizi qoruyacaq, çünki Allahın özü də erməni və qarabağlıdır.”

    Eh, canım Bakı, gözüm Bakı! Deyirəm, Allah mənə rəhm eləyir, yaxşı ki, bu torpaq bit- birələri təbii bulaqlarımı, dağımı- daşımı özgə planetlərə götürüb aparmırlar... Bu görməmiş dığaların murdar əməlləri

    çoxdur... Hələ mən Avropada birinci, dünyada ikinci nadir çinar meşəsinin erməni yağıların əlində viranəyə qalmasını demirəm.

    Axı SƏN bizim baş şəhərimiz kimi hər şeydən agahsan!

    Mən isə özüm-özümə həmişə təsəlli verirəm, ümidlə gözlərimi yollara tikirəm. Bilirəm, sənin başını əcnəbilər çox qatdı. O həmsədrlər var ey, hər üçü də kələfin ucunu çoxdan itiriblər, zalım uşaqları sözlə elə bazarlıq, elə siyasi alver edirlər ki, peşəkar tacirlər də onların yanında yalan olub. Əgər onlar ikiüzlülük etməsəydilər, mən çoxdan ağ günə çıxmışdım. ATƏT - əslində bu günə kimi Avropada Ticarət (və ya Turist) Əməkdaşları Təşkilatı rolunu oynayıb.

    Onu da deyim, bura tək-tək köçüb gələn ermənilər torpaqdan çox pul üçün əldən-ayaqdan gedirlər. Hər gələn ailəyə filan qədər pul verirlər ki, get Qarabağda yaşa! Deyirəm, əziz Bakı, sənin qoynunda adı “Forbers” jurnalına düşməyən o qədər gizli milyaderin var ki, sərvətlərindən bir faizini bu dığalara versələr, bəlkə davasız-şavasız köçüb gedərlər Amerikaya, İsveçrəyə, Kanadaya... Bilirəm, deyəcəksən ki, elə oralarda da bu zir-zibillərdən itə tök qədər var.

    Orası da var ki, sənin çörəyini yeyib, şollar suyunu içən nankorlar da az deyil. Görməsəm də, eşidirəm ki, cızıqlarından çıxır, harınlaşıb, qudururlar. Vaxtilə yayın cırcırama istisindən başını götürüb bura istirahətə neçə-neçə dövlət məmurları gələrdi. İsa bulağında yeyib-içib keflənərdilər, şərəfimə elə sağlıqlar deyərdilər ki, dağlarımın başı ala buluda çatardı. Amma indi onlar başımın üstünü qara buludlar aldığını, dağlarımda xaç şəkilli şimşəklər çaxdığını, bağrımı qara əllərin uzandığını sanki görmürlər.

    Cıdır meydanım da Qarabağ atlarının intizarındadır!

    Əminəm ki, bu intizarın sona çatacaq!..

    Sənə böyük ümidlərlə bu məktubu yazdım.

    Di sağ- salamat qal, xeyrə qənşər, gözəl Bakım!

    Milli Ordumuzun igid əsgərlərini, qələbə müjdəsini həsrətlə gözləyən sənin sevimli Şuşan.

    Məktubu qələmə aldı:

    Nurəddin ƏDİLOĞLU


    25.09.2020.
    İntizarın sonu var...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR