Narkotik təsiri altında avtobus idarə edən sürücü həbs edildi

Zaqatalada narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən “Daewoo” markalı avtobusun sürücüsü, Zaqatala rayon sakini Elvin Məmmədov manevr qaydalarını pozduğu üçün saxlanılıb.
Sürücünün davranışları şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı narkotik vasitənin təsiri altında olduğu təsdiqlənib.
Toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Məmmədov 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Baş DYP İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri sürücülərə nəzarəti gücləndirməyə, bu sahədə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, həbs edilən sürücü 156 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusda çalışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.