AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir əli Qərbin, o biri əli isə Kremlin ətəyində olan Paşinyan siyasi oyunların maşasıdır, yoxsa “günah keçisi”?

  • + A
  • - A
  • 8-10-2020, 17:12



    Azərbaycan Ordusunun son günlərdə apardığı uğurlu döyüş əməliyyatları erməni xalqının Nikol Paşinyana inamını çox sarsıdıb. Bir neçə gün əvvəl erməni sahibkarlar baş nazirin ölkəsində türk mallarının boykot edilməsi barədə çağırışına birmənalı şəkildə rədd cavabı veriblər: “Türk malları boykot olunarsa, batarıq.”

    Nikol Paşinyan öz xalqına müraciətində Azərbaycan tərəfindən bu günə qədər misli görünməmiş hücuma məruz qaldıqlarını və erməni ordusunun çoxsaylı itkilər verdiyini də etiraf etmək məcburiyyətində qalıb. Türkiyənin “Milliyet” nəşri xəbər verir ki, N. Paşinyan həmin çıxışı zamanı çox gərgin olub, yüksək səslə danışıb və fikrini bitirən kimi tələm-tələsik çəkilişin aparıldığı məkanı tərk edib.

    Hərbi uğursuzluqlarından başını itirən Paşinyanın bəyanatları da xəstə adamın sayıqlamalarına bənzəyir. Müxalifətdə olduğu dövrdə Qarabağı Azərbaycana qaytarmaqdan başqa çıxış yolunun qalmadığını söyləyən Paşinyan indi təxribatçı çağırışlarına görə nəinki ölkəsində, dünyada da ciddi qəbul edilmir. Ermənistan rəhbərinin hər gün Qərb liderlərinə aramsız zəng edib baş-beyinlərini aparması, onu gülünc duruma salıb. “New York Times” nəşri xəbər verir ki, çarəsiz qalan Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu məsələdə ABŞ prezidentindən kömək istəyib. Robert Obrayn ona Donald Trampla telefon danışığı vəd etsə də, ABŞ prezidentinin koronavirusa yoluxmasından sonra sözügedən danışıq baş tutmayıb. Zəng zamanı N.Paşinyan xüsusilə Türkiyəyə məxsus ABŞ istehsalı olan F-16-lardan münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma və gülünc iddiasını yenidən dilə gətirib.

    “Rossiya-1” telekanalı isə Vladimir Putinin Rusiyanın hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Nikol Paşinyanın Kremlə təşviş içində aramsız zənglərini əks etdirən kadrlar yayıb. “Moskva, Kreml, Putin” adlı verilişin

    görüntülərində Rusiya liderinin laqeydliklə “mən məşğulam, özüm zəng edərəm” deməsi də əslində Putinin Paşınyana antipatiyasını sərgiləyir. Eyni zamanda, Rusiyanın Qarabağdakı hadisələrə döyüşlərin başlamasından yalnız dörd gün sonra reaksiya verməsi, Moskvanın Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı doğum günü münasibətilə təbrik etməsi də Rusiyanın Paşinyan iqtidarına münasibətini ifadə edir.

    N. Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, sentyabrın 27-dən bu yana Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti, BMT baş katibi və Rusiya prezidenti ilə telefon danışıqları aparıb. O bunlar arasında ən perspektivli həmsöhbətinin Fransa lideri Emmanuel Makron olduğunu qeyd edib. “Əl-Cəzirə”yə verdiyi müsahibədən sonra Paşinyan Kremlə üçüncü dəfə zəng etməyə də cəhd edib, onun sözləri isə həmişəki kimi hərəkətləri ilə üst-üstə düşməyib. Rusiya Federasiya Şurasının informasiya siyasəti və KİV-lə əməkdaşlıq komitəsinin sədri, senator Aleksey Puşkov Azərbaycan və Ermənistan arasındakı hərbi gərginliyi şərh edərkən ermənilərin Qərbin onları himayə edəcəyi ilə bağlı illüziyada olduqlarını bildirib: “Ermənistanda illüziya var idi ki, nəsə olsa, Qərb onlara hamilik edəcək. Xüsusən bu ideyalar Rusiyadan tədricən uzaqlaşmağın və Qərbə orientasiya etmək ideyaları ilə yaşayan Qərbdə təhsil almış yerli gənc menecerlərdə var idi. Və nəticəsi – aydın oldu ki, Qərbdə sözdə dəstəkdən başqa real yardım yoxdur. Qərb Ermənistana yardıma tələsmir.”

    Lakin Paşinyanın həm Qərb, həm də Rusiya ilə münasibətdə ikibaşlı, riyakar oyununu təhlil edən Kremlin informasiya sahəsində siyasi təbliğatını etibar etdiyi Marqarita Simonyan Paşinyana ünvanladığı mesajı erməniliyə xas olan “ Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək” fikri ilə tamamlaması da get-gedə “öz müəmmalı bəhrəsini” verməkdədir. Belə ki “Rusiya" xüsusi uçuş dəstəsinə aid olan "İl-96-300" təyyarəsinin oktyabrın 5-də İrəvana hansı məqsədlərlə gəlməsi də tam “məlum” deyil. Məlum olan odur ki, bu təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfəri Avrasiya

    İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıq məqsədi daşıyır. Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var. M. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi. Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur.

    Elə ”France 24” telekanalına verdiyi müsahibəsində də Paşinyan az qala bütün dünyanı Türkiyə və Azərbaycanla mübarizəyə səsləyərək Marqarita Simoniyansayağı vay-şivən salır. Güya Cənubi Qafqazda Türkiyə Qarabağın azadlığına müvəffəq olarsa, Egey dənizindəki Yunan adalarını ələ keçirəcək və daha sonra Qərbə doğru irəliləyəcək. “O zaman onları Vyanada gözləyin” deyə sayıqlamalarına Paşinyan həm də Qarabağda sülh danışıqlarının Türkiyə bölgəni tərk edib hədəflərindən imtina etməsi halında baş verə biləcəyini əlavə edir.

    Son olaraq bu qənaətə gəlmək olar ki, əslində bir əli Qərbin, o biri əli isə Kremlin ətəyində olan Paşinyan daha çox siyasi oyunların maşasına və ya “günah keçisi”nə bənzəyir. Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsi kəskinləşəndən bəri Ermənistanın baş naziri Nikol Paşinyan ilə üç dəfə danışması, eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Putinin Azərbaycan və Türkiyə ilə bağlı danışıqlar üçün dəqiq bir planı yoxdur” açıqlaması da bunu təsdiq edir. Çünki Rusiyanın və ya Fransanın hər hansı dəstəyi Nikol Paşinyanın özünə yox, Cənubi Qafqazda xristianlığın bufer zonası və ya forpostu olan Ermənistana verilir.

    Nurəddin Muğanlı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR