AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

7 ölkənin qəti mövqe sərgiləmələri onların Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirdi

  • + A
  • - A
  • 25-10-2020, 19:36

    7 ölkənin qəti mövqe sərgiləmələri onların Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirdi


    Nəhayət iyirmi beş illik fasilədən sonra 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilib. Xatırladaq ki, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.

    Bu sözləri Azadmedia.az saytına millət vəkili Məşhur Məmmədov Təhlükəsizlik Şurasının məlum iclasına fikir bildirərkən qeyd edib.

    İclasdan sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayıldığını deyən deputat təəssüflə bildirdi ki, bəyanat layihəsində Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad yer almamışdır. Bunun bilərəkdən buraxılmış çox ciddi diplomatik səhv olduğunu qeyd edən millət vəkili sözünə davam edərək bildirib ki, bu hərəkətlə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər.

    Həmsədr ölkələrin canfəşanlığına baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, diplomatik uğurları bir daha öz faydasını verdi. İclasda Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Nigeriua, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif etmiş, lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişlər. Yuxarıda sadaladığım 7 ölkə prinsipial mövqe nümayiş etdirərək, TŞ qətnamələrinə istinadın yer almasını təkid etmiş, yalnız bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkmişlər. Adı çəkilən 7 ölkənin sərgilədiyi qətiyyətli mövqe təqdirəlayiqdir. Bu hadisəni Azərbaycan diplomatiyasının dünyanın gözü qarşısında parlaq qələbəsi hesab etmək olar. Bu, həm də ölkə Prezidenti cənab İlham Əliyevin ölkə daxilində olduğu kimi, xarici siyasətdə də uğur qazanmasının bariz nümunəsidir. Bu gün qeyd etdiyim hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

    Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur. Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

    Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub. Millət vəkili öz növbəsində saytımız vasitəsilə dəstəklərinə görə 7 ölkənin hər birinə minnətdarlıq hissini ifadə etdi. Artıq Azərbaycan dövləti nəinki regionda, dünyada söz sahibinə çevrilir, ölkə başçısının diplomatik bacarığı sayəsində dünya gücləri Azərbaycanla hesablaşmağa başlayırlar, - deyən M.Məmmədov fikrini yekunlaşdıraraq qeyd etdi ki, son günlər ölkəmizdə gedən Vətən müharibəsində də Prezidentin xarici siyasətdə qazandığı uğurların şahidi oluruq.
    Həm daxili, həm də xarici siyasət bizi Qələbəyə aparır.
    Eşq olsun Azərbaycan xalqına və ölkəmizi dünyada güc dövlətinə çevirməyi bacaran uzaqgörən siyasətçi Prezident Əliyevə!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR