AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni vandalizmi bəşəriyyətə qarşı soyrırımıdır

  • + A
  • - A
  • 25-11-2020, 14:20

    Erməni vandalizmi bəşəriyyətə qarşı soyrırımıdır

    Anar MƏMMƏDOV
    Milli Məclisin deputatı


    İki əsrdən artıq bir dövrdə Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, həm də yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimiz olub.
    Ermənilər bu gün 30 ilə yaxındır işğalda saxladıqları Kəlbəcər rayonunu tərk etdilər və bu zaman onların vəhşiliklərinin son həddinin şahidi olduq. Uzun illərdir işğal etdikləri tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizi dağıdan, abidələrimizi məhv edən, insanlarımızın əmlakını ələ keçirən erməni terrorçuları Kəlbəcərdən çıxarkən növbət terrorlar törətməkdən də əl çəkməyib, öz çirkin xislətlərini bir daha nümayiş etdiriblər. Əşyalarını çıxardıqdan sonra evlərə od vurub yandırmaq, meşələri qəsdən qırmaqla Azərbaycanın işğal altında saxladığı ərazilərində ekoloji terroru davam etdirmək bir daha mənfur düşmənin vandal əməllərinin bariz nümunəsidir. Bütün bunlar Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllərdir və ümumilikdə bəşəriyyətə qarşı soyqırımıdır.
    Müzəffər ordumuzun düşməndən təmizlədiyi ərazilərimizdən yeni görüntülər yayıldıqca faşist xislətli ermənilərin 30 ilə yaxın dövr ərzində bu torpaqlarda törətdikləri dağıntıların miqyasını daha aydın təsəvvür etmək olur. Noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə, eyni zamanda noyabrın 23-də Ağdam şəhərinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu məqamlara xüsusi diqqət yönəltdilər. Ermənilərin dağıtdıqları yolla hərəkət edərkən çəkilən qısa videolardan və dövlət başçısının izahlarından bir daha gördük ki, yolboyu salamat tikili belə qalmayıb. Ermənilər nə mümkündürsə, yandırıb, söküb, dağıdıb aparıblar. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmışlar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunmuş, 44 məbəd və 9 məscid təhqir edilmişdir. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 6 yüz min kitab və misilsiz əlyazma nümunələri məhv edilmişdir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində isə ölkəyə dəymiş ziyan təxminən 500 milyard ABŞ dollarından çoxdur.
    Unutmaq olmaz ki, işğal nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlarda dağıdılan muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının deyil, bütün İslam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür. Müqayisə üçün deyə bilərik ki, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra işğal altındakı ərazilərdə dağıdılan mədəniyyət, tarixi-dini abidələrin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur. Bununla da Ermənistan planetin mühafizəsində duran 300-dən çox beynəlxalq konvensiyanın bir çox müddəalarını pozub. Təəssüf ki, dünya ictimaiyyəti hələ də ermənilərin ölkəmizin təbiətinin başına gətirdiyi bəlalara biganə münasibət göstərir.
    Lakin cənab Prezidentin də dediyi kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar ayrıca qiymətləndiriləcək. Artıq bu istiqamətdə araşdırmalar, hesablamalar başlayıb. Yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlar da bu prosesə cəlb ediləcək. Onlar bu vəhşiliyə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar. Azərbaycan 30 ilə yaxın dövr ərzində bu vəhşiliyi törətmiş Ermənistana qarşı təzminat davası açacaq. Ermənistan illərlə törətdiyi başqa cinayət əməlləri kimi, bu dağıntılara görə də cavab verməli olacaq. Çünki bizim apardığımız dava təkcə torpaqlarımızın azadlığı uğrunda deyil. Bu bir haqq davasıdır. Ədalətin bərpası uğrunda aparılan savaşdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR