AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda ”Mədəniyyət kəndlərdə” layihəsinə start verilib

  • + A
  • - A
  • 17-09-2021, 01:20



    Masallı rayonunda ”Mədəniyyət kəndlərdə” layihəsinə start verilib.

    Azadmedia.az-ın məlumatına görə, Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Mədəniyyət kəndlərdə" adlı yeni mədəniyyət layihəsinə start verilib. Sentyabrın ilk həftəsində Masallı rayonunun Mahmudavar kəndində layihə çərçivəsində ilk tədbir baş tutub. Kəndlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işinin gücləndirilməsi və yerlərdə mədəni mühitin canlandırılması, həmçinin istedadlı və yaradıcı gənclərin aşkarlanması və potensialının dəstəklənməsi məqsədilə həyata keçirilən layihənin ilk tədbirində rayon rəsmiləri, mədəniyyət işçiləri, media mənsubları, yerli sakinlər və digərləri iştirak ediblər.

    İlk əvvəl vətənimizin bütövlüyü uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutka yad edilib.

    Tədbiri giriş sözü ilə açan Xalq teatrının rejissoru Cəmaləddin Əliyev layihənin ilk tədbirinin keçirilməsi üçün Mahmudavar kəndinin təsadüfən seçilmədiyini, bölgənin zəngin folklor ənənələrini yaşadan "Halay" Xalq folklor ansamblının bu məkanda yaradıldığını və bugünədək uğurla fəaliyyət göstərdiyini qeyd edib. O, eyni zamanda ansamblın Şuşa şəhərində keçirilmiş musiqi festivalındakı uğurlu çıxışlarından söz açıb.

    Sonra İdarə rəisi Bəxtiyar Qılıncov çıxış edib. Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, rəis tədbir iştirakçılarını salamlayaraq layihənin məqsədləri və qarşıdakı vəzifələr haqda danışıb. Qeyd olunub ki, layihəni həyata keçirməklə kəndlərdəki müəssisələrin fəaliyyətində müsbət irəliləyişlərə nail olmaq, bununla yanaşı istedadlı gənclərin üzə çıxarılaraq yaradıcı imkanlarının dəstəklənməsi hədəflənir.

    Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıq edib və bu kimi layihələrin kəndlərdə mədəniyyətin inkişafına təkan verəcəyini vurğulayıb.

    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva isə Mahmudavar kəndinin tarixi və arxeoloji abidələri, coğrafi mövqeyi, təsərrüfat həyatı, ziyalıları, mədəni mühiti, o cümlədən folklor ənənələri barədə geniş məruzə ilə çıxış edib.

    Sonra tədbir bədii hissə ilə davam etdirilib. Əvvəlcə "Halay" Xalq folklor ansamblının ifasında vətən sevgisi və şəhidlik zirvəsini vəsf edən bayatılar deyilib, tələbə və məktəblilər vətənpərvərlik şeirləri səsləndiriblər. Tədbirdə həmçinin, istedadlı gənclərin rəsm işləri nümayiş etdirilib, layihədə iştirak edən mədəniyyət müəssisələri isə qədim əşyalar, müxtəlif xalq sənətkarlığı nümunələri və əl işlərindən ibarət sərgi ilə tədbirə rəng qatıblar.

    Tədbir mədəniyyət tədbirlərində fəallıq göstərən bir qrup istedadlı tələbə və məktəblilərə İdarənin "Təşəkkürnamə"sinin təqdim olunması ilə yekunlaşıb.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR