AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəblilər üçün muzey həftəsi layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib

  • + A
  • - A
  • 18-05-2021, 20:19


    Azadmedia.az Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən aldığı məlumata görə xəbər verir ki, Məktəblilər üçün muzey həftəsi layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Muzeylər və Nizami irsi” adlı beynəlxalq virtual layihəyə start verilib.

    Onlayn formatda keçirilən təqdimatda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edərək layihənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində reallaşır. Məqsəd dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsinin araşdırılması və təbliğ olunmasına töhfə verməkdir. 18-26 may tarixini əhatə edəcək layihə çərçivəsində məktəblilər böyük söz ustadının yaradıcılığı ilə bağlı mədəni sərvətlərin qorunub saxlanıldığı ölkəmizin aparıcı muzeylərini onlayn ziyarət etmək imkanı qazanacaqlar.

    Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Nərgiz Abdullayeva layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Deyib ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə əməkdaşlığı nəticəsində artıq 6-cı ildir ki, “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində beynəlxalq səviyyəli müxtəlif tədbir və proqramlar həyata keçirilir. Şöbə müdiri beynəlxalq proqramın gənc nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərəcəyini və Nizami Gəncəvinin zəngin yaradıcılığının öyrənilməsi və tanıdılması baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

    Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədr müavini Rəfi Qurbanov dahi şairin yaradıcılığı barədə xüsusi təqdimatla çıxış edib.

    Sonda tədbir iştirakçıları üçün Gəncədəki Nizami Gəncəvi Muzeyinə virtual ekskursiya təşkil edilib.
    Qeyd edək ki, layihə çərçivəsində məktəblilər üçün Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Dövlət Teatr Muzeyinə də onlayn ekskursiyalar təşkil olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR