Avropa iqtisadiyyatında böhranlı durum davam edir. Bu böhran təkcə təbii qazın çatışmazlığı ilə xarakterizə olunmur. Qoca qitədə xammal qıtlığı da yaranıb ki, bu istehsal müəssisələrinə öz təsirini göstərməkdədir. Məsələn, mebel istehsalçıları Şərqdən xammal idxalında problemlərlə üzləşiblər.
Bu cür problemləri yaradan səbəblərin həm də tranzitlə bağlı olduğu deyilir. Bu baxımdan da hesab olunur ki, Zəngəzur dəhlizi açılarsa, bunun təkcə region ölkələri üçün deyil, həm də Avropanın inkişaf etmiş ölkələri üçün böyük iqtisadi əhəmiyyəti olacaq.
Bizim.Media mövzunu iqtisadçı Pərviz Heydərovla müzakirə edib.
O, Avropada yaranan problemlərin pandemiyadan sonra istehlak tələbinin kəskin artımı ilə bağlı olduğunu deyib:
“Mövcud istehsal imkanları isə bununla ayaqlaşmaq qabiliyyətində deyil. Qazın qiymətinin qalxması, xammal çatışmazlığı, o cümlədən də istehlak məhsullarının bahalaşması bu səbəbdəndir. Hesab edirəm ki, pandemiya ilə bağlı vəziyyət sərtləşməsə, hələ bu durum 2022-ci ilin iyul ayına qədər davam edəcək”.
İqtisadçı hesab edir ki, Zəngəzur dəhlizi tam gücü ilə işə düşüb və burada təhlükəsizlik məsələləri tezliklə öz həllini taparsa, bu təkcə qlobal iqtisadiyyatda hazırkı böhrandan çıxmaq baxımından rol oynamayacaq, həm də gələcəkdə Avropa üçün bir çox əlavə iqtisadi imkanlar açacaq:
“Zəngəzur dəhlizi Asiya-Avropa əlaqələrinin genişlənməsində böyük rol oynayacaq. Həm də regionda xammal istehsalının artmasına təkan verəcək. İstehsal o zaman genişlənir ki, həmin məhsulların satışı üçün yeni bazarlar ortaya çıxır. Əlavə olaraq bazarlara çıxış asanlaşırsa, bu xammal istehsalının da artmasına zəmin yaradır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.