Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünya ərzaq bazarında qiymət bahalaşmasının daha da sürətlənməsi müşahidə olunmaqdadır. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən fevral ayında qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 3,9 faiz, 2021-ci ilin eyni dövrünə nəzərən isə 24,1 faiz artıb. Bu zaman buğdanın qiyməti 2,1 faiz, qarğıdalı 5,1 faiz, ümumilikdə dənli bitkilərin qiymətləri 3 faiz bahalaşıb. Bu bahalaşmanın əsas səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə nəticəsində Qara dəniz regionundan ixracın məhdudlaşmasıdır. Belə ki, Rusiya hərbi gəmiləri Qara dənizdə mülki gəmilərə atəş açdığına görə hazırda ticarət gəmiləri ora yan almırlar. Müharibə uzanacağı təqdirdə Qara dəniz hövzəsindən taxılın ixracının dayanması nəticəsində dünya bazarında bu məhsulun qiymətinin daha da artması qaçılmaz olacaq.
Qeyd edək ki, Rusiya və Ukrayna dünya taxıl və buğda bazarında birlikdə 30 faizə yaxın paya malikdir. 2021-ci ildə taxıl ixracı Ukraynaya 12,3 milyard dollar gəlir gətirib. Bunun 2,55 milyard dolları Çindən, 1,39 milyard dolları Misirdən, 920 milyon dolları Türkiyədən daxil olub. Ukraynanın ümumi taxıl ixracının 20,7 faizi Çinə reallaşıb. İkinci yerdə Misir, üçüncüdə Türkiyə gəlir. Bundan əlavə, İndoneziya, İspaniya, Niderland, İran, Pakistan, Liviya və Tunis də Ukraynadan iri həcmlərdə buğda alıblar.
2021-ci ilin iyunundan fevralın 2-dək Ukrayna əvvəlki dövrlə müqayisədə 31,6 faiz çox - 38,63 milyon taxıl ixrac edib. Bu zaman buğda ixracı 30,4 faiz artımla 17,08 milyon ton olub. Ukrayna Nazirlər Kabineti ölkənin aqrar istehsalçılarına müraciət edərək bütün çətinliklərə baxmayaraq, əkin-səpin işlərinə başlamağa çağırıb. Lakin hərbi əməliyyatlar davam edəcəyi təqdirdə ölkə ərazisinin böyük bir hissəsində bu, baş tutmayacaq. Hətta müharibə dayansa belə, kənd təsərrüfatı işlərini əvvəlki həcmdə həyata keçirmək faktiki olaraq mümkünsüzdür. Bu isə 2022-2023-cü il mövsümündə Ukraynanın buğda ixracının kəskin azalmasına gətirib çıxara bilər.
Rusiyada əkin-səpin işləri vaxtında icra olunsa da, yaxın aylarda ölkəyə qarşı tətbiq olunan sanksiyalar yumşaldılmasa, buğdanın ixracını reallaşdırmaq mümkünsüz olacaq. Belə ki, dünyanın ən böyük yükdaşıma şirkətləri Rusiya məhsullarını daşımaqdan imtina ediblər. Üstəlik, bir çox ölkələr Rusiya gəmilərini öz sularına buraxmırlar. Bu isə Rusiyadan buğda da daxil olmaqla, əksər məhsulların ixracında ciddi problemlər yaradacaq.
“Citigroup”un proqnozuna görə, Rusiya və Ukraynadan ixracda problemlərin yaranması dünya buğda qiymətlərini 15 faizədək bahalaşdıracaq.
Rusiya mətbuatının yazdığına görə, artıq belə problemlər özünü göstərməyə başlayıb. Belə ki, Rusiya fevralın 15-dən iyunun 30-dək olan müddətdə uzaq xaricə 8 milyon ton buğda ixrac etməyi planlaşdırırdı. Lakin Ukraynada hərbi əməliyyatlar başlayandan bu ixracı reallaşdırmaq mümkünsüz hala gəlib: yüdaşıma şirkətləri Rusiyadan hər hansı sifariş qəbul etmirlər.
Rusiya Azov dənizində mülki gəmilərin hərəkətini dayandırıb. Nəticədə bu dənizdəki limanlardan buğda ixracı tamamilə dayanıb. İndiyədək Rusiya Azov limanlarından mövsüm ərzində 12-15 milyon ton buğda ixrac edirdi. Mövsüm başlanandan(iyul 2021) fevralın 17-dək Rusiyanın taxıl ixracı 27,4 milyon ton, o cümlədən buğda ixracı 22,4 milyon ton təşkil edib. 15 fevral-30 iyun aralığında taxıl ixracının 11 milyon ton, o cümlədən buğda ixracının 8 milyon ton olması nəzərdə tutulurdu. Lakin Rusiya Taxılçılar İttifaqının məlumatına əsasən Ukraynadakı vəziyyət üzündən bu həcmin cəmi 3 milyon tonunuy reallaşdırmaq mümkün olacaq.
Rusiya və Ukraynadan buğda ixracının kəskin azalması fonunda dünya bazarını hansı ölkələrin təmin etməsi mümkündür? Analitiklər bu sualın cavabı olaraq ilk növbədə Çinin adını çəkirlər. Çin buğdanın ən böyük istehsalçısı, həm də istehlakçılarından biridir. Hazırda dünya buğda ehtiyatlarının 50 faizinin bu ölkədə toplandığı güman edilir. Lakin Çinin öz ehtiyatlarının hansı hissəsini sata biləcəyi məlum deyil.
Əhalisinə görə dünyanın ikinci dövləti olan Hindistan da son illərdə buğda istehsalı və ixracını artırır. Martın 31-də başa çatan cari maliyyə ilində Hindistanın 7 milyon ton buğda ixrac etməsi planlaşdırılıb. Martın əvvəli üçün bu həcmin 6,4 milyon tonu artıq satılıb. Yəni bundan sonra 600 min ton ixrac imkanı qalıb.
2021-2022-ci illər mövsümündə rekord həcmdə buğda yetişdirən Avropa Birliyi, Avstraliya və Argentinanın da əlavə olaraq bazara 10 milyon tona yaxın məhsul çıxarmaq imkanı yaranıb.
İxrac imkanı olmadığına görə Rusiya buğdasının qiyməti sürətlə aşağı düşür. Belə ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən 2 martdan buğdanın 1 tonunun qiyməti 330,1 dollardan 326 dollara qədər ucuzlaşıb. Lakin hətta bu qiymətlərlə də məhsulu alan çox azdır.
Rusiya Taxılçılar İttifaqı bəyan edib ki, uzaq xaricə satılmayan məhsulun bir hissəsi Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinə, həmçinin sanksiyalara qoşulmayan yaxın qonşulara satılması mümkündür. Belə yaxın qonşulardan biri də Azərbaycandır. Rəsmi məlumatlara əsasən Azərbaycanda ildə ərzaq üçün 2.4 milyon ton, yem üçün 500 min ton, toxum üçün 140 min ton buğda istifadə olunur. Ümumilikdə, ölkədə buğdaya cəmi tələbat 3.2-3.3 milyon ton təşkil edir. Ölkə bunun təxminən 1,9 milyon tonunu özü istehsal edir. Belə ki, Azərbaycanda ildə 600 min hektar civarında sahədə buğda əkilir, bir hektardan məhsuldarlıq 31 sentnerdir. Beləliklə, tələbatı qarşılamaq üçün ölkəyə ildə 1.3 milyon ton civarında buğda idxal olunur.
Azərbaycanın gömrük statistikasından aydın olur ki, 2021-ci il ərzində ölkəyə 331 milyon 946.01 min dollar dəyərində 1 milyon 148 min 100.77 ton buğda idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 217 min ton azdır. 2020-ci ildə idxal 296 milyon 905.18 min dollar dəyərlə 1 milyon 365 min 100.13 ton təşkil etmişdi.
2022-ci ilin yanvarında isə Azərbaycana xaricdən 32 milyon 475.34 min dollar dəyərində 93 min 704.53 ton buğda gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən də çox deməkdir. Belə ki, 2021-ci ilin yanvarında buğda idxalımız 5 milyon 900.59 min dollar dəyərlə 23 min 203.54 ton olmuşdu.
Azərbaycanın buğda idxalında Rusiyanın payı 80 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, şimal qonşumuzda buğdanın qiymətinin ucuzlaşması bizim üçün əlverişlidir.
Yeri gəlmişkən, Azərbaycan Ukrayna ərazisində torpaq icarəyə götürərək buğda yetişdirməklə bu strateji məhsulla özünü təmin etmə səviyyəsini yüksəltməyi hədəfləyirdi. Rusiyanın Ukraynaya müdaxiləsi ilə bu planın ən azı yaxın illər üçün reallaşmayacağını söyləmək olar.
“Yeni Müsavat”