Cəbrayılda yeni həyat başlayır

Xanlar Fətiyev
Milli Məclisin deputatı
Xalqımızın şərəf və qürur salnaməsi olan Vətən müharibəsinin gedişində ordumuzun qazandığı əsas strateji uğurlardan biri Cəbrayıl şəhərinin işğaldan azad edilməsi oldu. 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin düşməndən təmizlənməsi Xocavənd rayonu istiqamətində torpaqlarımızın azad olunmasına əlverişli şərait yaratdı. Digər tərəfdən kəndlərimizin ardınca ilk dəfə olaraq məhz şəhərin azad edilməsi ordumuzun döyüş ruhunu və xalqımızın qələbə ovqatını daha da yüksəltdi.
Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edilmişdi. İşğal nəticəsində Cəbrayıl şəhəri, rayonun 4 qəsəbəsi və 92 kəndi düşmən tərəfindən tamamilə dağıdılıb. Hesablamalara əsasən rayona dəyən ziyanın həcmi 14 milyard ABŞ dollarına yaxındır. Rayonun yaşayış məntəqələrində ictimai binalar və evlərlə yanaşı, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı erməni vandalizminə məruz qalıb. Rayonun sakinləri isə məcburi köçkün vəziyyətinə düşərək respublikanın 52 rayonunda məskunlaşıblar.
Hələ 1994-cü ilin yanvar ayında ordumuzun uğurla həyata keçirdiyi Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində isə rayon ərazisindəki strateji Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Ona görə xalqımız əmin idi ki, Cəbrayıl rayonu və işğal altındakı digər ərazilərimiz mütləq işğaldan azad olunacaq və 44 günlük Vətən müharibəsi bu əminliyi reallığa çevirdi.
Düşmən Cəbrayılda bir neçə xətdən ibarət istehkamlar qurmuş və ərazinin minalanmasını həyata keçirmişdi. Ona görə bu istehkamları yarmaq və minalanmış müdafiə mövqeləri ilə irəliləmək çox böyük qəhrəmanlıq, fədakarlıq tələb edirdi. Lakin Vətən müharibəsinin gedişi göstərir ki, heç bir maneə və istehkam ordumuzun hücumunu dayandırmaq gücündə olmayıb. Cəbrayılın azad olunmasından sonra isə qeyd etdiyim kimi Xocavənd və işğal altında olan digər rayonlarımızın düşməndən təmizlənməsi mümkün oldu. Belə ki, Cəbrayılın azad edilməsinin ardınca Hadrut, Zəngilan, Qubadlı rayonları və Laçın rayonunun cənub hissəsi işğaldan azad edildi, Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
“Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi. Ordumuz, Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur” – deyə Prezident İlham Əliyev bildirib.
Vətən müharibəsinin başa çatmasından sonra isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları işğaldan azad olunmuş ərazilərə ilk səfərini Füzuli və Cəbrayıl rayonlarına edib. Səfər zamanı Cəbrayıl şəhərində Azərbaycan bayrağını ucaldan dövlətimizin başçısı rayonun bərpa olunacağını bəyan etmişdi. Aradan ötən 6 ilə yaxın müddətin mənzərəsi göstərir ki, azad edilmiş digər şəhər və rayonlarımız kimi Cəbrayıl şəhəri və rayonun kəndləri sürətlə bərpa olunur. Təsadüfi deyil ki, artıq bir neçə ildir ki, cəbrayıllıların mərhələli şəkildə doğma yurda qayıdışları həyata keçirilir.
Hazırda sürətlə bərpa olunan Cəbrayıl şəhəri işğaldan azad edilmiş ərazilərdə aparılan sürətli quruculuğun nümunələrindən biridir. Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Şəhərin bərpası və inkişafı 4 mərhələdə həyata keçiriləcək. 2026-cı ilin sonunadək təqribən 3800 nəfər Cəbrayıl sakininin şəhərə qayıdışı nəzərdə tutulur. Artıq 2026-cı ilin sentyabr ayına qədər şəhərdə 680 ailənin, təxminən 3 min nəfərin məskunlaşması təmin olunub. 2040-cı ilin sonuna qədər isə Cəbrayıl şəhərində 15 min nəfər sakinin yaşayacağı proqnozlaşdırılır.
Cəbrayıl şəhəri ilə yanaşı rayonun Şükürbəyli və Horovlu kəndlərinə də doğma sakinlərinin qayıdışı təmin olunub. Rayonun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin də təməli qoyulub. Bərpa olunan bütün kəndlərdə məktəb binası, uşaq bağçası, inzibati bina, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, qonaq evinin tikintisi planlaşdırılır. Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Cəbrayılda infrastrukturların yenidən qurulması istiqamətində də indiyədək çoxsaylı layihələr həyata keçirilib. Yollar çəkilib, elektrik enerjisinin etibarlı təchizatı təmin olunub və bu istiqamətlərdə işlər davam edir. Bunlarla yanaşı Cəbrayılın iqtisadi potensialının hərəkətə gətirilməsi də rayonda həyata keçirilən quruculuğun əsas istiqamətlərindən biridir və bunun ən böyük nümunəsi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır. Bu Sənaye Parkında yaradılan müəssisələr isə yalnız Cəbrayılın deyil, ətraf rayonların da sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Hazırda burada 20 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib, 130-dan artıq iş yeri yaradılıb.
Bütövlükdə Cəbrayılda həyata keçirilən bərpa və quruculuq işləri göstərir ki, rayonda Böyük Qayıdış proqramı həm dinamik şəkildə, həm də keyfiyyətlə reallaşır.
Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamına əsasən Cəbrayıl şəhərinin işğaldan azad edildiyi 4 oktyabr tarixi respublikamızda Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bəli, artıq Cəbrayılın işğal yox, qurtuluş tarixini böyük iftixarla qarşılayır, dirçəlişi ilə qürur duyuruq.
İşğalın ağır izlərini geridə qoyan Cəbrayıl yeni həyatın, quruculuğun və Böyük Qayıdışın ünvanına çevrilib. Cəbrayıllıların doğma yurda qayıdışı ilə rayonda yenidən həyat canlanır. Azərbaycanın Zəfəri ilə yazılan Cəbrayılın yeni tarixi dövlətimizin gücünü dünyaya bəyan edir.
1
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.