AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu şəhərlərimiz məhv ola bilər – hər il 12 sm çökür…

  • + A
  • - A
  • 23-12-2022, 09:04

    Bu şəhərlərimiz məhv ola bilər – hər il 12 sm çökür…


    Bir neçə aydır Qərbi Azərbaycan əyalətinin Urmiya (Urmu), Xoy və Salmas düzündə sürüşmə və torpaq çökməsi hallarının çoxalması ekoloqların narahatlığına səbəb olub. Onlar bunu əyalətdə özəlliklə son illərdə ardıcıl quraqlıq, iqlim dəyişikliyi, Urmiya gölünün quruması və yeraltı su qaynaqlarından qeyri-standart istifadə ilə əlaqələndirirlər.

    Xoy və Çaypara şəhərlərinin İran parlamentindəki nümayəndəsi Adil Nəcəfzadə Xoy düzündə hər il ortalama 12 santimetr torpaq çökməsinin qeydə alındığını deyib və bunun yaxın gələcəkdə təhlükəli ekoloji problemə çevriləcəyi barədə xəbərdarlıq edib.

    “Düzdə baş verən çökmənin bir hissəsi Xoy şəhərinin yerləşdiyi ərazini əhatə edir. Bundan artıq çökmə baş verərsə, yeraltı boşluqların aktivləşməsi nəticəsində şəhər ciddi böhran və dağıntılarla üz-üzə qala, yaşayış yerləri məhv ola bilər”, - Nəcəfzadə bildirib.

    Bundan bir müddət öncə İranın şimal-qərb bölgəsinin Geologiya və Mineral Kəşfiyyat Təşkilatının başçısı Əbdülhəmid Sərtipi yeraltı suların tükənməsi nəticəsində Xoy, Salmas və Urmiya çöllərində torpaq çökməsinin təhlükəli səviyyəyə çatması barədə danışmışdı.

    “Geoloji tədqiqatlar sahəsində "yerin gizli ölümü" adlandırılan torpaq çökməsi Qərbi Azərbaycan əyalətinin 3 düzənliyinin şəhər və şəhərətrafı infrastrukturunu və yollarını təhlükə altına salıb”, - deyə Sərtipi adı çəkilən bölgələrdə torpaq çökməsinin böhran səviyyəsinə çatdığı barədə xəbərdarlıq edib.

    Bir müddət öncə isə İranın Yollar və Şəhərsalma Nazirliyinin Tədqiqat Mərkəzinin seysmik mühəndislik və risk şöbəsinin rəhbəri Əli Beytullahi Urmu gölünün sahilyanı ərazisində torpaq çökməsi və sürüşmənin baş verdiyi barədə məlumat yayıb.

    Ekoloqların bir çoxu Qərbi Azərbaycan əyalətinin bir neçə bölgəsində baş verən təbii fəlakətin əsas amilinin Urmiya gölünün quruması və gölün bərpa işlərinin gecikdirilməsi ilə bağlı olduğunu bildirirlər.

    Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan Urmiya gölünün siyasi oyunlar və hakimiyyətdaxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini deyir.

    “Quraqlıq, su qıtlğı, yanlış idarəetmə ilə yanaşı siyasi qarşıdurma və qrup mənafeləri Urmiya gölünün bərpası üçün bacarıqlı kadrların arxa planda qalmasına səbəb olub” - o bildirib.

    Millət vəkili Urmiya gölünün qurumasının ətraf əyalət və bölgələrlə yanaşı, daha çox şərq bölgələrinə də mənfi təsir göstərəcəyini söyləyib. Onun sözlərinə görə, Təbrizdən başlayaraq Tehranın yaxınlığına qədər 14 milyon insan duz fırtınalarının mənfi təsirləri ilə qarşılaşacaq.

    İranın ekologiya nazirinin keçmiş müavini və Urmiya Gölünün Bərpa Qərargahının planlaşdırma bölməsinin keçmiş başçısı Məsud Təcrişi İbrahim Rəisi hökuməti dövründə Urmiya gölünün bərpası layihələrinin bir faizinin belə icra edilmədiyini deyib.

    İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının üzvü, Soyuqbulaq şəhərinin İran parlamentindəki nümayəndəsi Calal Mahmudzadə isə Urmiya gölünə ayrılan büdcənin İbrahim Rəisinin seçki kampaniyasına xərcləndiyini bildirir.

    Ekspertlərin dediyi kimi, Urmiya gölü də İranın başqa ekoloji fəlakət zonaları kimi yanlış idarəçiliyin qurbanıdır.

    Qeyd edək ki, rəsmi statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR