AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmək və sosial siyasət komitəsinin iclası keçirildi

  • + A
  • - A
  • 23-01-2023, 16:41

    Əmək və sosial siyasət komitəsinin iclası keçirildi


    Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
    İclası açan komitənin sədri Musa Quliyev cənab Prezident İlham Əliyevin yeni ilin başlanğıcında imzaladığı fərman və sərəncamlarla Azərbaycan xalqının, xüsusilə də həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O, bildirib ki, 750 milyon manata yaxın maliyyə tutumu olan bu sosial paket 2 milyona yaxın vətəndaşımızın sosial müdafiəsinin daha da gücləndirlilməsinə xidmət edəcək. Ümumiyyətlə, hər il dövlət büdcəsindən sosial istiqamət üzrə əsaslı vəsaitlərin xərcləndiyini qeyd edən komitə sədri 2023-cü ildə də əhalinin sosial rifahının daha da yaxşılaşacağından danışıb.
    Sonra komitə sədri gündəlik barədə məlumat verərək bildirib ki, gündəliyə 9 məsələ daxil edilib. Gündəliyin birinci məsələsi olan 2022-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatı ilə bağlı Musa Quliyev bildirib ki, komitə ötən sessiyada 20 iclas keçirib, 26 qanun layihəsinə baxıb.
    Hesabat dövründə komitəyə 417 sənəd, o cümlədən vətəndaşlardan 217 ərizə, idarələrdən 200 cavab məktubu daxil olub. Vətəndaşların müraciətləri araşdırılıb və müvafiq tədbirlər görülüb. Komitə sədri Milli Məclisdə və seçki dairəsində özünün və komitə üzvlərinin keçirdiyi qəbullar barədə məlumat verib.
    Gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyası dövrünə dair iş planı haqqında bildirilib ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olacaq qanun layihələri və digər sənədlərin müzakirəsi ilə yanaşı, “Turizm haqqında” qanunun icrası, əməyin mühafizəsi kimi məsələlərlə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
    Gündəliyin üçüncü məsələsi olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Musa Quliyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihə vətəndaşların sosial rifahının artırılması istiqamətində həyata keçirilən növbəti addımdır və sənəddə əmək pensiyasının minimum məbləğinin 2023-ci il fevralın 1-dən 280 manat müəyyənləşdirmək təklif olunub.
    İclasda gündəliyin digər məsələləri barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib.
    Adil Vəliyev bildirib ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) və Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub, bir-biri ilə bağlıdır.
    Bildirilib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə bağlıdır. Belə ki, əməyin təhlükəsizliyi və gigiyenası üzrə şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması üçün Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni - “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunda 6-cı hissənin əlavə edilməsi nəzərdə tutulub.
    BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci ildə Cenevrədə qəbul edilmiş 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi məlumat verərkən Adil Vəliyev bildirib ki, Azərbaycan bütövlükdə bu təşkilatın 58 konvensiyasına və 1 protokoluna, o cümlədən 8 fundamental və 4 prioritet konvensiyasına qoşulub və üzərinə düşən öhdəliklərə tam riayət edir. Şöbə müdiri bu qanun layihəsinin təsdiqinin əlavə maliyyə yükü yaratmadığını qeyd edib.
    Növbəti 4 qanun layihəsi barədə o, bildirib ki, sənədlər bir-biri ilə bağlıdır. Belə ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, və “Xüsusi İqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi “Media haqqında” Qanununun icrası ilə əlaqədar hazırlanıb. Mahiyyətcə yaxın olan qanun layihələrində bir sıra uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi (“kütləvi informasiya vasitələri”, “verilişlər”, “teleradio” kimi sözlərin “mediada”, “televiziya və radio”, “proqramlar”, “media subyektinə” sözləri ilə əvəzlənməsi) təklif olunub.
    İclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, İlham Məmmədov, Sevinc Hüseynova, Rauf Əliyev, Vüqar Bayramov, Arzu Nağıyev, Soltan Məmmədov, Ziyad Səmədzadə çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər. Millət vəkilləri məşğulluq, əmək münasibətlərində qanunlara riayət olunması, əsassız ixtisarların aparılması kimi məsələlər barədə qeydlərini bildiriblər, qarşıdakı sessiyada komitənin iş planı və Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təkliflərini səsləndiriblər.
    İclasda komitənin 2022-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatını məqbul hesab olunub, 2023-cü ilin yaz sessiyası üçün iş planını təsdiqlənib və müzakirə edilən qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR