AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şərqşünaslıq İnstitutunda XX əsrin II yarısında Türkiyə hekayəçiliyindən bəhs edən kitab çapdan çıxıb - Özəl

  • + A
  • - A
  • 2-03-2023, 14:20

    Şərqşünaslıq İnstitutunda XX əsrin II yarısında Türkiyə hekayəçiliyindən bəhs edən kitab çapdan çıxıb - Özəl





    Bakı, 2 mart — Azadmedia.az


    AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Lalə Qasımlının “XX əsrin II yarısında Türkiyə hekayəçiliyində ənənə və novatorluq (Mustafa Kutlunun hekayələri əsasında)” kitabı işıq üzü görüb.
    Filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Elman Quliyevin redaktorları olduğu kitabda Türkiyə ədəbiyyatında hekayə janrının tarixi keçmişi tədqiq olunub, yazıçı Mustafa Kutlunun hekayələri əsasında hekayəçilikdə ənənə və novatorluq məsələləri öyrənilib.
    Türkiyə hekayəçiliyində ənənə və novatorluğun Mustafa Kutlunun əsərləri əsasında tədqiqi Azərbaycanda bu mövzuda yazılmış ilk elmi araşdırmadır.
    Monoqrafiya giriş, hər biri müvafiq yarımfəsillərə bölünmüş üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

    Monoqrafiyanın “Türkiyə ədəbiyyatinda hekayə janrinin təşəkkülü və təkamülü istiqamətləri” adlı birinci fəslində hekayənin Türkiyə ədəbiyyatındakı tarixi inkişaf yollarından bəhs edilir, köhnə tip hekayəçilikdən müasir hekayəçiliyə keçid prosesi araşdırılır, ən yeni dövr Türkiyə hekayəçiliyi nəzərdən keçirilir.
    “Mustafa Kutlunun həyatı, ədəbi mühiti və bədii-estetik dünyagörüşünün formalaşmasi” adlı ikinci fəsildə yazıçının həyatı və ədəbi mühiti barədə məlumat verilir, bədii-estetik dünyagörüşünün formalaşmasından bəhs edilir.
    “Mustafa Kutlunun hekayəçiliyində ənənə və novatorluq” adlı üçüncü fəsildə ilk olaraq yazıçının yaradıcılığının özünüifadə mərhələsindən söz açılır, daha sonra özünütəsdiq mərhələsində ədəbi axtarışlarından, klassik Şərq-türk ədəbiyyatından təsirlənməsindən bəhs edilir. Bu fəsildə həmçinin Mustafa Kutlunun keçid dövrü hekayələri, eləcə də şifahi xalq ədəbiyyatından ilham alaraq yazdığı hekayələri nəzərdən keçirilir.


    Vüqar Məmmədov,
    AMEA-nın Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR