Bakı, 21 mart — Azadmedia.az.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü və mətbuat brifinqi zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərh verib.
20 mart 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.
Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya “etnik təmizləmə” və “soyqırımı” törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.
Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20
mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.
Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.
Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.