AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Bakıda Teatr Forumu keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 11-04-2023, 22:34

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Bakıda Teatr Forumu keçirilib -

    Bakı, 11 aprel - Azadmedia.az

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 11-12 aprel tarixlərində Bakıda Teatr Forumu keçirilir.

    “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunan forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşir.

    Aprelin 11-də forumun açılışından öncə teatr ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Sonra Teatr Forumu Heydər Əliyev Mərkəzində öz işinə başladı.

    Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli açılış nitqi ilə çıxış etdi.

    Forumun Heydər Əliyev Mərkəzində keçirilməsinin təsadüfi olmadığını bildirən Adil Kərimli qeyd etdi ki, Ulu öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan olunub. Bununla bağlı həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər, layihələr həyata keçirilir. İlk teatr forumunun da bu əlamətdar ildə keçirilməsi bu mənada böyük əhəmiyyət kəsb edir.

    Qeyd edildi ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün mədəniyyətimiz, o cümlədən teatr sahəsi qayğı ilə əhatə olunub. Cənab Prezidentin diqqəti sayəsində mədəniyyət sahəsinin dayanıqlı inkişafı, mədəniyyət xadimlərinin vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görülür. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqəti ilə əhatə olunublar.

    Forum haqqında söz açan nazirin birinci müavini teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğuladı, bu sahədə kadr hazırlığının əhəmiyyətini diqqətə çatdırdı.

    Qeyd olundu ki, Teatr Forumunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi də fəaliyyətə başlayıb. Adil Kərimli İB-yə fəaliyyətində uğurlar arzuladı.

    Nazirin birinci müavini çıxışının sonunda forumun ərsəyə gəlməsində əməyi keçənlərə, o cümlədən öz tövsiyələrini heç zaman əsirgəməyən Prezidentin köməkçisi cənab Anar Ələkbərova və Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, teatr xadimlərinə, iştirakçılara təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.

    ***

    Sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin "Heydər Əliyev və Azərbaycan teatrı" mövzusunda məruzəsi dinlənildi. Alim 1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra hər zaman teatra böyük sevgi ilə yanaşan Heydər Əliyevin bu sahədə çalışanlara göstərdiyi diqqətdən söz açdı. Ulu öndərin premyeralara gəlişi, səhnə arxasında aktyor və yaradıcı heyətlə görüşlərini xatırladan teatrşünas gəncliyində onun dram dərnəyinə üzv yazıldığını dedi, Heydər Əliyevin teatr sevgisinin də buradan qaynaqlandığını diqqətə çatdırdı.

    Məryəm Əlizadənin çıxışından sonra "Azərbaycan teatrı: dünən, bu gün, sabah" adlı videoçarx nümayiş olundu. Videomaterialda Heydər Əliyevin teatr xadimləri ilə görüşləri, Prezident İlham Əliyevin teatr məkanlarının açılışında iştirakı və teatr ictimaiyyəti ilə görüşlərindən kadrlar əks olunmuşdu.

    ***

    Aprelin 11-də birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları kontekstində çağdaş teatr və onun həndəvərində olan ümumi və spesifik problemlər müzakirə obyektinə çevrildi.

    Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın moderatoru olduğu paneldə əsas hədəf teatrın əsas sütunu olan aktyor-rejissor məsələsi idi. Paneldə teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Dramaturq İsmayıl İman, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edib.

    Müzakirə qarşılıqlı sual-cavab, iştirakçıların təklif və təəssüratları ilə davam etdi.

    Xalq artistləri Afaq Bəşirqızı, Əli Nur, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, eləcə də ayrı-ayrı teatrların təmsilçiləri onları narahat edən mövzuları diqqət mərkəzinə gətirdilər.

    ***

    “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-də günün ikinci yarısında öz işini "Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma" mövzusunda panel iclası ilə davam etdirib.

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimovun moderatorluğu ilə keçən iclasda "Müasir teatrda universal aktyor tipi" və "Müasir rejissurada yeni təmayüllər" mövzularında çıxışlar dinlənilib.

    Paneldə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, GİTİS-in kafedra müdiri Elşən Məmmədov, Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov çıxış edib.

    Teatr problemlərinin geniş təhlil edildiyi panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib. Bununla da forumun birinci iş günü yekunlaşıb.

    Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirəcək.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR