AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

9 May – Faşizm üzərində qələbə günüdür - ÖZƏL

  • + A
  • - A
  • 6-05-2023, 15:38

    9 May – Faşizm üzərində qələbə günüdür -


    9 May – Faşizm üzərində qələbə günüdür.

    22 iyunun 1941 – ci il faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. Müharibə başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 392-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.
    ​ Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. 77-ci, 223-cü, 271–ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.
    ​ İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır.
    ​ Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.
    ​ Müharibə illərində Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.
    ​ Müharibə illərində bəstəkarların amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi. Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeyd-manla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, “Qəzəl”, “Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.
    ​ Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır”mövzusunda beynəlxalq konfransda nitqində demişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.
    ​ Prezidentimiz İlham Əliyev 2019-cu il oktyabrın 11-də Aşqabadda, MDB dövlət başçılarının sammiti zamanı bildirmişdir ki, “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı Böyük Vətən müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”

    Zeynal Zeynalov adına Hacıtəpə kənd orta məktəbin Tarix müəllimi
    Allahverdiyev Orxan Polad oğlu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR