AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO-un agenturası Priqojini kimlərlə müqayisə edir? - Gədəbəydəki hadisələrə görə dünən ABŞ-ı ittiham edənlər bu gün səfirlikdə viski içirlər - TƏHLİL

  • + A
  • - A
  • 24-06-2023, 12:54

    NATO-un agenturası Priqojini kimlərlə müqayisə edir? - Gədəbəydəki hadisələrə görə dünən ABŞ-ı ittiham edənlər bu gün səfirlikdə viski içirlər - TƏHLİL

    Rusiyada baş verən hadisələr Azərbaycan ictimai-siyasi sferasında yüksək əhval-ruhiyyə yaradıb. Azərbaycan siyasiləri, acgöz mətbuat nümayəndələri tamamilə məntiqsiz və açıq təxribatların icraçılarına çevriliblər.

    -Təsəvvür edin, muzdlu döyüşçülər Rusiyada dövlət çevrilişi edəcəyini bəyan edir. Dövlət çevrilişinə cəhd! Azərbaycandakı fəallar və media mənsubları da buna sevinirlər. Azərbaycanla Rusiya müttəfiqdir və bizim qonşu ölkədəki dövlət çevrilişinə ictimai dəstək nümayiş etdirməyimiz ən azı məsuliyyətsizlik və siyasi savadsızlıqdır. Bir az da irəli gedərək, Rusiyada dövlət çevrilişi edəcəyini bəyan edən “Vaqner”in rəhbəri Priqojini Sürət Hüseynovla müqayisə edirlər. Amma unudurlar ki, S.Hüseynov Azərbaycanda üsyana qalxan zaman ölkənin prezidenti Əbülfəz Elçibəy idi. Bu primitiv və iyrənc müqayisəni aparanlar (proje iştirakçısı olanlar) Ə.Elçibəyin daşdan hazırlanmış ən kiçik heykəli qədər canlı və düşündürücü varlıq deyillər.

    Normal düşüncəli insanlardan bu “metod”un işləmədiyi xəbərdarlığını alan media nümayəndələri növbəti səhvlərini edirlər.

    Bu dəfə Priqojini Rövşən Cavadovla müqayişə etməyə çalışırlar. Bunu da undurlar ki, həmin vaxt isə ölkə prezidenti Heydər Əliyev idi. Azərbaycanı qlobal canavarların ağzından qoparıb ölkə quran Heydər Əliyevlə bağlı bu cür iyrənc müqayisə də ikrah doğurur.

    Dövlətdən maliyyələşən baş redaktorların hər iki tarixi şəxsiyyət ətrafında məntiqsiz və uğursuz müqayisələr aparması yolverilməzdir. Sanki bu media mənsubları Əbülfəz Elçibəy və Heydər Əliyev kimi nəhəng şəxsiyyətlərin tarixi kodlarını ləkələmək missiyasını öz üzərlərinə götürüblər.

    Hələ Priqojinin Putinin layihəsi olub-olmadığını da bilmirsiniz. Dövlət çevrilişinə cəhd Rusiyanı daha da gücləndirəcək, hakimiyyət daha da monolit olacaq, oliqarxiyanın növbəti məhvi həyata keçiriləcək.

    Daha sonra nə baş verir?

    - Məsələn, Gədəbəydə baş verən hadisələr zamanı ABŞ-ı ittiham edən acgöz mətbuat nümayəndələri dünən ABŞ səfirliyində keçirilən tədbirdə fəxrlə iştirak edirdilər. Diqqət edirsinizsə, Gədəbəydə baş verən hadisələrdən sonra Qərb ölkələrinin ölkəmizdəki səfirlikləri davamlı tədbirlərə start verib və media qurumlarının rəhbərləri həmin tədbirlərə dəvət edilir. Dünən ABŞ-ı ölkəmizdə təxribat törətməkdə ittiham edənlər bu gün bu ölkənin səfirliyində viski içirlər.

    Siz kimsiniz, NATO-nun agenturası?! Yoxsa ABŞ-ın, FETÖ-nun cocuqları?!

    Düşünürəm ki, Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi bitməyənə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq. Bir qrup insan Rusiyanın dağılacağına hələ də ümid edir.

    Rusiyadakı dövlət çevrilişə cəhdin qarşısını tam alınana qədər Azərbaycanda sabitliyin təmin edilməsi ən ciddi şəkildə həyata keçirilməlidir.

    Hazırda sosial şəbəkələrin Azərbaycan seqmentində müxtəlif ölkələrin tezisləri operativ şəkildə işləməkdədir. Qərbyandaş və digər tərəfkeş medianın bu istiqamətdəki fəaliyyətləri bəllidir, amma Azərbaycan dölvətinin maliyyəsi hesabına ayaqüstə duran medianın iyrənc oyunlara alət olması yolverilməzdir. Bu adamlara ya savad vermək lazımdır, ya da aidiyyatı dövlət qurumları onları bir-bir çağırıb xəbərdarlıqlar etməlidir.

    Rusiya, Türkiyə və İran o ölkələr sırasındadır ki, bu ölkələrdə baş verən hadisələr Azərbaycana da öz təsirlərini göstərir. Nəyə sevinirsiniz?

    Bu mühüm məqama diqqət yetirməliyik. Gədəbəydə başlayan etirazlar məmur özbaşınalığının fəsadları idi, əhali haqlı şəkildə öz iradəsini ortaya qoymuşdu, amma qısa müddət sonra Qərb bu fürsətdən ciddi şəkildə yararlanmaq imkanları əldə etdi. Kameraların gözü önündə Söyüdlü sakinlərini döyən polislərə maskalarını çıxarmaq əmri verildi. Polislər maskalarını çıxardı və onlar dərhal lentə alındılar. Ardınca da ilk olaraq, mikroskopmedia həmin polislərin üz görüntülərini paylaşdı, müxtəlif sosial media resursları həmin polislərin kimliklərinin müəyyənləşdirilməsi və cəzalandırılması ilə ictimaiyyətə müraciət etdi. Bu çağırış və müraciətin əsas məqsədi Gədəbəydə döyülən qadınların ailə üzvlərini polislərlə açıq savaşa təhrik etmək idi. Yadınızdadırsa, eyni ssenari 2019-cu ilin mitinqləri zamanı icra olunmuşdu. Hətta mitinqlərdə aqressivlik nümayiş etdirən bir neçə polisin müxtəlif üsullarla cəzalandırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar tirajlanırdı.

    Ölkə daxilindəki proseslərin bu şəkildə kontroldan çıxması bir çox qüvvələrə fürsət qazandırır. Enerjimizi daxildəki sabitliyin pozulmasına yönəldib Azərbaycanın xarici siyasətindəki hücum taktikasını tormozlayırlar. Ona görə də, həmişə demişəm və deyirəm, ölkənin daxilində işlər görmək lazımdır, əhali ağır durumdadır. Biz Qarabağ və Zəngəzurla bağlı həlledici iş görən ərəfədə müxtəlif qüvvələr daxildəki boşluqları öz planları ilə hərəkətə gətirirlər. Azərbaycan ictimaiyyəti açıq-aşkar tələyə düşür.

    ABŞ Cənubi Qafqazda, eləcə də Azərbaycanda ciddi şəkildə güclənməkdədir. Bu proses bizə hansı itkilər hesabına başa gələcək, bunu düşünmək lazımdır.

    Samir Feyruzov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR