AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prof. İbrahim Cəfərov - “Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır” - ÖZƏL

  • + A
  • - A
  • 25-06-2023, 23:51

    Prof. İbrahim Cəfərov - “Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır” -

    Prof. İbrahim Cəfərov -
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri, AMEA-nın müxbir üzvü



    Bakı, 25 iyun — Azadmedia.az


    “Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixinin tam 105 ili tamam olur. Əlbətdə, Milli Ordumuzun bu müddətdə keçdiyi döyüş yolunun zirvəsi sözsüz ki, Vətən müharibəmizdə qazanılmış möhtəşəm “Qarabağ Zəfəri”dir. Daima vurğulandığı kimi, xalqımızın çoxəsrlik tarixində buna bənzər Zəfər olmayıb.

    Ali Baş Komandanımızın rəhbərliyində rəşadətli Azərbaycan Ordusu şəhidlərimizin qisasını döyüş meydanında aldı. Şəhidlərimizin qanı yerdə qalmayacaq deyə, cənab prezidentimizin vurğuladığı kimi, belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Ordumuz Birinci və İkinci Qarabağ müharibələri şəhidlərimizin qanını, qisasımızı döyüş meydanında aldı.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

    İyunun 26-sı Silahlı Qüvvələr Günüdür.

    Silahlı Qüvvələrimizin yaranma tarixinə, keçdiyi inkişaf və döyüş yolunun, nizami ordu quruculuğuna və bəzi önəmli məqamlarına nəzər saldığımızda, bəli, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Daha sonra, dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.
    Belə ki, hərb sahəsində ilk uğur sentyabrın 15-də qazanıldı. Milli Ordu Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçilər repressiyaya məruz qaldı.
    Müasir Milli ordunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işinin öhdəsindən gələ bilmədilər. Həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev nizamsız silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
    Beləliklə fəxrlə deyə bilərik ki, Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Heç şübhəsiz, müasir Azərbaycan Ordusunun qurulması və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir.

    Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Elə bunun nəticəsi idi ki, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın da əhəmiyyətli rolu olub.

    Beləliklə, qəhrəman oğullarımız Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər.

    Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda Qələbəyə qəti inam yarandı. Ulu Öndərin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər Heydər Əliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ordu quruculuğu işinə böyük önəm verən Ulu Öndərin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.

    Qeyd edim ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət və qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Beləliklə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün içində İkinci Qarabağ müharibəsində döyüş meydanında tam qələbə ilə Şanlı Zəfər qazandı.
    Heç təsadüfi deyil ki, XXI əsrin müharibəsini aparan Rəşadətli Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən uğurlu “Şuşa əməliyyatı” bu gün dünyanın ən qabaqcıl hərbi məktəblərində öyrənilir.

    Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Qəhrəman ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə hər zaman qürur duyur.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR