Avropa çempionatının son günü — Sərbəst güləşçilərimiz 2 gümüş və 1 bürünc medal qazandı
Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.
Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıblar. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurublar.
Mübarizəyə dörddəbir finaldan qoşulan Şərif Şərifov (92 kq) və Mircəlal Həsənzadə (61 kq) rəqiblərinə tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıblar. Şərif Şərifov bu mərhələdə Türkiyə idmançısı ilə qarşılaşmada rəqibinə heç bir şans verməyib və finala yüksəlib. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. Rəqibinə minimal fərqlə uduzan Ş.Şərifov Avropa çempionatının gümüş medalına yiyələnib.
Mircəlal Həsənzadə (61 kq) yarımfinal görüşündə məğlub olaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Rumıniya idmançısına da uduzan M.Həsənzadə çempionatı beşinci sırada tamamlayıb.
Səksən altı kiloqram çəki dərəcəsində yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala adlayıb. Bu mərhələdə Gürcüstan idmançısını məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə A.Qostiyevin rəqibi Rusiya idmançısı olub. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da, son xalı Rusiya təmsilçisi qazandığından qələbə rəqib idmançıya verilib və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib.
Digər güləşçilərimizdən Cəmaləddin Məhəmmədov (125 kq) təsəlliverici qarşılaşmada Belarus idmançısından üstün olub. Üçüncü yer uğrunda görüşdə Rusiya təmsilçisinə də qalib gələn güləşçimiz bürünc medal qazanıb.