AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Göy məsciddə öz irsimizi ziyarət etdiyimizi Ermənistanda da, İranda da bilirdilər.

  • + A
  • - A
  • Bu gün, 15:04

    Deputat: Göy məsciddə öz irsimizi ziyarət etdiyimizi Ermənistanda da, İranda da bilirdilər.


    İrəvandakı Göy məscidin mərasim zalına Yeğişe Çarentsin adının verilməsi Azərbaycan xalqının bu şəhərdəki tarixi izlərinin silinməsinə yönəlib. İranın Ermənistandakı səfirliyinin bu təşəbbüsü, iki ölkənin ortaq mədəni irsi kimi təqdim etməsi isə Azərbaycan mədəniyyətinə, tarixinə qarşıdır. İrəvan xanlığı dövründə inşa edilmiş məscidin tarixini Azərbaycan xalqından ayrı təqdim etmək cəhdi qəbul edilməz addımdır.

    XVIII əsrdə İrəvan xanlığı dövründə Hüseynəli xanın hakimiyyəti illərində inşa edilmiş Göy məscid şəhərin müsəlman əhalisinin dini və ictimai həyatının mühüm mərkəzlərindən olub. Hüseynəli xan məscidi və Göy cami adları ilə də tanınan bu abidənin Azərbaycan xalqının tarixi-mədəni yaddaşındakı yerini yeni lövhələrlə və adlandırmalarla silmək mümkün deyil.

    İranın Ermənistandakı səfirliyi bu təşəbbüsü Çarentsin İran mədəniyyətinə marağı və məscidin qorunmasındakı rolu ilə əsaslandırır. Lakin abidə tarixi mənsubiyyətini dəyişdirəndə deyil yaşadanda qorunur. Əgər iki ölkə kiminsə xatirəsini əbədiləşdirmək istəyirsə bunun müxtəlif yolları var, bunun üçün məhz Azərbaycana aid məscid kompleksindəki zala onun adının verilməsi və büstünün yerləşdirilməsi seçilməməlidir.

    Göy məscidin Azərbaycan irsi ilə bağlılığını kənarda qoyaraq onu yalnız İran–Ermənistan mədəni əlaqələrinin nümunəsi kimi təqdim etmək birtərəfli yanaşmadır. Mədəni əməkdaşlıq başqa bir xalqın tarixi yaddaşının hesabına qurulmamalıdır. Azərbaycan tərəfinin etirazına da məhz bu mahiyyətdə yanaşılmalıdır.

    Ermənistanın aidiyyəti qurumlarını və təşəbbüsün təşkilatçılarını qərara yenidən baxmağa, büstün yerləşdirilməsi planından imtina etməyə, abidənin tarixini dolğun və təhrif etmədən təqdim etməlidir. Sülhə sadiqlik xalqların bir-birinin dini və mədəni irsinə münasibətində də görünməlidir. Tarixi yaddaşa toxunan belə addımlar qarşılıqlı etimadı möhkəmləndirmir.

    2022-ci ildə İrəvanda həmkarım Soltan Məmmədovla birlikdə Göy məscidi ziyarət edərkən biz də mövqeyimizi açıq bildirmişdik: biz öz xalqımızın tarixi irsini ziyarət edirdik və bunu həm Ermənistanda, həm də İranda hər kəs bilirdi.

    Tahir Mirkişili Milli Məclisin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR