Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib ki, Rusiya və Fransa prezidentləri tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər. İki ölkənin prezidentləri Vladimir Putin və Emmanuel Makron aprelin 26-da telefonla danışıblar. Prezidentlərin telefon danışığından sonra Kremllə Parisin mətbuata açıqlamalarında fərq ortaya çıxmışdı. Kremldən yayınlanan açıqlamada prezidentlərin müxtəlif mövzuları, o cümlədən Ukrayna və Qarabağdakı vəziyyəti müzakirə etdikləri bildirilib. Parisin mətbuata ötürdüyü açıqlamada isə fərqli cümlə yer alıb: “Prezidentlər Qarabağda bağlı “yeni təşəbbüslər” hazırlanması barədə razılığa gəliblər”.
Kremlin açıqlamasında məlum cümlə yox idi. Ancaq Kreml Parisdən “yeni təşəbbüslərlə” bağlı cümləyə etiraz etmədi. Yəni, prezidentlər hər hansı “yeni təşəbbüsləri” müzakirə etməmişdilərsə, Kreml Parisin açıqlamasına düzəliş etməliydi. Məsələn, Rusiya prezidentinin fəal mətbuat katibi Peskov məsələyə aydınlıq gətirə bilərdi. Bunlar edilməyiblərsə, deməli prezidentlər həqiqətən Qarabağla bağlı “yeni təşəbbüslər” barədə nəsə danışıblar. Sadəcə, Kreml bu cümləni ona görə yaymayıb ki, Bakının sualları ilə üzləşməsin. Parisi isə Bakının necə reaksiya verəcəyi çoxdan maraqlandırmır. Fransa prezidenti Emmanuel Makron tərəfini ilk gündən seçib. Ona görə də açıqlamada “yeni təşəbbüslər” cümləsinə istinad ediblər.
Bəs, rəsmi Paris “yeni təşəbbüslər” dedikdə nələri nəzərdə tutur?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az”a açıqlamasına görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsi, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi Fransanı açıq-aşkar narahat edir:
“Məlumdur ki, Fransa ermənipərəst mövqeyini daha da gücləndirib. Müharibə zamanı və müharibədən sonra bu mövqelərini gizlədə bilmirlər. Guya həmsədr ölkədir. Lakin bunu nə müşahidə edir, nə də görürük. İndi də “yeni təşəbbüslər” mövzusunu gündəmə gətiriblər. Aydındır ki, Qarabağın statusu məsələsini müzakirə etmək istəyirlər. Bu isə bizi maraqlandırmır, məsələni böyük ölçüdə həll etmişik. Ermənilərin yaşadığı Qarabağ ərazisi son dərəcə kiçilib, onlara hansı status verilə bilər ki? Sadəcə “suyu bulandırmağa” çalışırlar. Razı deyiliksə, heç bir “yeni təşəbbüs” müzakirə edilə bilməz”.
E.Şahinoğlu qeyd edib ki, Fransa ermənipərəst mövqeyi ilə Azərbaycanla olan münasibətlərinin üstündən xətt çəkdi:
“Halbuki Emmanuel Makron prezident olana qədər Fransa-Azərbaycan münasibətlərində inkişaf var idi, qarşılıqlı səfərlər olurdu. Makron bütün bunları aradan qaldırdı. Nə zamana qədər ki, Fransa belə mövqeyindən əl çəkməyəcək, Azərbaycan-Fransa münasibətlərini də normallaşdırmaq çətin olacaq.
“Yeni təşəbbüs”lərə gəlincə, Fransa bu məsələni Moskva ilə müzakirə edir, yəqin ki, Vaşinqtonla da müzakirə edəcək. Amma “yeni təşəbbüs” bizi maraqlandırmır. Vaxtilə 26 il işğala göz yumdular, ermənilərə söz demədilər, indi bizə təzyiq etməklə nəsə qopartmağa çalışacaqlar. Bu da alınan deyil!”.