AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol qəzaları qurbanlarının Anım Günü: Təhlükəsiz nəqliyyat üçün birgə fəaliyyət

  • + A
  • - A
  • 17-11-2024, 13:34

    Yol qəzaları qurbanlarının Anım Günü: Təhlükəsiz nəqliyyat üçün birgə fəaliyyət

    Hər il noyabr ayının üçüncü bazar günü dünyada Yol qəzaları qurbanlarının Anım Günü kimi qeyd olunur. Bu tarix ilk dəfə 1993-cü ildə yol hərəkəti təhlükəsizliyi ilə bağlı təşkilatlar və qruplar tərəfindən qeyd olunmağa başlanıb. 2005-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası bu günü rəsmi olaraq qəbul edib. Anım Günü yol-nəqliyyat hadisələrində həyatını itirənlərin xatirəsini yad etmək, ailələrinə dəstək olmaq və yol təhlükəsizliyi ilə bağlı maarifləndirməni artırmaq məqsədi daşıyır. Məhz bu səbəbdən günün 3 əsas sloqanı var: “Xatırla! Dəstək ol! Fəaliyyətə keç!”
    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya üzrə 1,3 milyon insan yol qəzalarında həyatını itirir, milyonlarla insan isə ağır xəsarətlər alır.
    Yol qəzalarının əsas səbəbləri arasında yüksək sürət, diqqətsizlik və yol hərəkəti qaydalarına əməl etməmək dayanır. Təkcə qurbanlar deyil, onların ailələri və dostları da emosional və sosial çətinliklər yaşayırlar. Bundan əlavə, diqqət çəkilən məqamlardan biri qəzaların infrastruktura, səhiyyə sisteminə və ailələrə olan iqtisadi təsiridir.
    BMT bu problemlərin aradan qaldırılması məqsədilə 2021–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Planında yol qəzalarının 50 faiz azaldılmasını hədəfləyib. Bu, yalnız hökumətlərin deyil, eyni zamanda, fərdlərin üzərinə ciddi məsuliyyət qoyur. Azərbaycanda da dünya təcrübəsi tətbiq edilərək bu kimi neqativ halların qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.
    Dünyada dəmir yollarında baş verən qəzalarda hər il 7-10 min insan dünyasını dəyişir. Avropada ölüm hallarının ən yüksək olduğu ölkələr Almaniya və Polşadır: ildə 100-120 ölüm.
    Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yollarda isə 2024-cü ilin yanvar-oktyabr aylarında qatar qarşısına qəfil insan və ya avtomobil çıxması nəticəsində 15 toqquşma baş verib. Nəticədə 11 nəfər vəfat edib, 5 nəfər isə müxtəlif xəsarətlər alıb. Hadisələrin əksəriyyəti piyada və sürücülərin diqqətsizliyi səbəbindən baş verib.
    ADY bu cür halların qarşısını almaq məqsədilə həm maarifləndirici, həm də infrastruktur sahəsində tədbirlər həyata keçirir. Xüsusilə dəmiryol yaxınlığında yerləşən məktəblərdə şagirdlər, müəllimlər və valideynlərə təlimlər keçirilir. Onlar dəmiryolda ehtiyatsızlıqlarına görə xəsarət almış insanların hekayələri ilə tanış edilir, relslərdən keçərkən ehtiyatlı olmağa, keçidlərdən istifadə etməyə və dəmir yolları ətrafında oyun oynamamağa çağırılır.
    Həmçinin dəmir yolları ətrafında yaşayan sakinlərlə maarifləndirici söhbətlər edilir, uşaqları nəzarətsiz buraxmamaq tapşırılır.
    ADY təhlükəsizliyin gücləndirilməsi üçün texnoloji yeniliklər tətbiq edir, mütəmadi olaraq yolların müasir avadanlıqla diaqnostikasını aparır, keçidlərdə xəbərdaredici nişanların sayını artırır, dəmir yollarına yaxın ərazilərdə maarifləndirici posterlər yerləşdirir.
    Yol qəzaları qurbanlarının Anım Günü bir daha xatırladır ki, hər bir insanın həyatı qiymətlidir. Bu, yalnız dövlət qurumlarının deyil, həm də vətəndaşların üzərinə düşən mühüm bir məsuliyyətdir. Yol qəzaları qurbanlarının xatirəsini anmaq və bu rəqəmlərin azalmasına nail olmaq üçün hər birimiz səylərimizi əsirgəməməliyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR