Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə “Azərsu” ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində Xəzər rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb.
ASC-dən Azadmedia.az-a daxil olan məlumata görə araşdırmalar zamanı məlum olub ki, sudan qanunsuz istifadə əsasən bağ evləri və həyatyanı sahələrdə rast gəlinib. Nəzarət tədbirləri zamanı bəzi həyətlərdə su sayğaclarını yararsız hala salındığı, bəzi həyətlərdə isə quraşdırılmış sayğacların yerində olmadığı aşkarlanıb.
2012-2014-cü illərdə Xəzər rayonunun Türkan qəsəbəsinin bir hissəsində dövlət investisya layihəsi çərçivəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, layihənin əhatə etdiyi ərazidə yaşayış evlərinə, obyektlərə birləşmə verilib və sayğaclar quraşdırılıb. Bütün bunlara baxmayaraq bəzi vətəndaşlar və sahibkarlar paylayıcı şəbəkəyə özbaşına qoşulmalarla və ya sayğacdankənar çəkilmiş xətlərlə sudan qeyri-qanuni istifadə ediblər. Qəsəbədəki istixananın su təchizatı sisteminə baxış keçirərkən məlum olub ki, sahibkar paylayıcı şəbəkəyə 32 mm diametrli boru ilə əlavə qoşulma edib.
Xəzər rayonunun Buzovna qəsəbəsində bəzi ünvanlarda oxşar vəziyyət müşahidə olunub. Qəsəbənin bir hissəsində mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yaradılıb, insanların içməli suya olan tələbatı ödənilib. Amma yenə də bəzi şəxslər yeni şəbəkəyə müdaxilə edərək qanunsuz su xətləri çəkiblər.
Aşkarlanan faktlarla bağlı zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq ödənişə yönəldilib.
Vətəndaşları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər davam etdiriləcək, sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq və hər bir hal üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 7682, Xəzər rayonu üzrə isə 902 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 mln 55 min kubmetr, Xəzər rayonu üzrə isə 217 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.