AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DTA-nın tabeliyindəki qoruqları ziyarət edənlərin sayı artıb

  • + A
  • - A
  • 2-02-2023, 11:45

    DTA-nın tabeliyindəki qoruqları ziyarət edənlərin sayı artıb

    Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir.
    Göstəricilərə əsasən 2022-ci il ərzində DTA-nın tabeliyindəki qoruqlara pandemiyadan əvvəlki dövrdən daha artıq sayda bilet satışı olub.

    Qurumdan Azadmedia.az-a verilən məlumata görə hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki 8 qoruqdan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğuna giriş ödənişlidir. Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tərkibindəki Xan sarayı və bir neçə muzeyə, həmçinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibindəki Hamam muzeyə və "Diri Baba” türbəsinə biletlə daxil olmaq mümkündür.

    Adları qeyd olunan qoruq və muzeylərə 2022-ci ildə ümumilikdə 341 253 bilet satılıb. Ziyarətçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Bu ziyarətçilərin 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. (Ödənişsiz giriş haqqı olan ziyarətçilər qrupuna məktəblilər, əlil və müharibə veteranları, qazilər, 12 yaşınadək xarici turistlər daxildir).

    Ümumilikdə 2022-ci il ərzində turistlərə göstərilən xidmətlər üzrə bilet satışından 1 693 164 manat vəsait əldə edilib ki, bu məbləğin də 258 279 manat təşkil edən hissəsi ƏDV kimi dövlət büdcəsinə ödənilib.

    Qeyd edək ki, 2018-ci ildə Dövlət Turizm Agentliyi yaradıldıqdan sonrakı illərdə qurumun tabeliyinə verilən qoruqlara gələn turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2018-ci ildə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun 25 min ziyarətçisi olubsa, 2019-cu ildə bu rəqəm üç dəfədən çox artaraq 88 minə çatıb. Ötən ilin statistikasına görə Yanardağı 110 mindən çox turist ziyarət edib.

    “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun 2018-ci ildə 77 mindən çox, 2019-cu ildə 147 minə yaxın, 2022-ci ildə isə 100 minə yaxın ziyarətçisi olub. Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə Yanardağ və Atəşgaha gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər.

    Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun biletlə keçid olan obyektlərində 2018-ci ildə 42 min ziyarətçi olsa da, 2019-cu ildə bu rəqəm iki dəfədən də çox artmaqla 107 mini keçib. Ötən il ərzində isə Şəkinin tarixi mərkəzini 141 mindən çox turist ziyarət edib.

    2019-cu ildə sözügedən qoruqların ümumilikdə 280 618 ziyarətçisi olub, bilet satışından isə 1 milyon 410 min manat vəsait əldə olunub. 2020-ci ildə pandemiya səbəbindən qoruq və muzeylər uzun müddət bağlı olması səbəbindən ziyarətçi sayı azalaraq 57 min nəfər olub və həmin il bilet satışından əldə olunan gəlir cəmi 310 min manat təşkil edib. 2021-ci ildə turizmin bərpası ilə DTA tabeliyindəki qoruqların 157 minə yaxın ziyarətçisi olub və bilet satışından 400 min manata yaxın vəsait daxil olub.

    Qeyd edək ki, DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11 manat, “Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. Yanardağ və Basqal qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir.

    Xatırladaq ki, hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki "Diri Baba” türbəsi daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR