Terrorçuluğa qarşı mübarizədə yeni mərhələdə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti

Nizami Səfərov,
Millət vəkili
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə təqdim olunan qanun layihəsi konseptual baxımdan iki əsas istiqamətdə qiymətləndirilə bilər. Birincisi, transmilli cinayətkarlığın ən təhlükəli formalarından biri olan terrorçuluğa qarşı mübarizə sahəsində dövlətdaxili hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi, ikincisi isə qabaqcıl beynəlxalq hüquqi standartların milli qanunvericilikdə effektiv şəkildə tətbiq olunmasıdır. Bu iki istiqamət bir-biri ilə sıx bağlıdır və qarşılıqlı şəkildə bir-birini tamamlayır.
İlk növbədə qeyd etmək lazımdır ki, London İqtisadiyyat və Sülh İnstitutunun 2026-cı il üçün tərtib etdiyi Qlobal Terrorizm İndeksinə əsasən Azərbaycan 90-cı pillədə qərarlaşaraq yalnız regionda deyil, dünya miqyasında da ən təhlükəsiz ölkələr sırasında yer almışdır. Bu nəticə ölkəmizin mürəkkəb geosiyasi mühitdə yerləşməsinə və qlobal təhlükəsizlik sistemində artan təhdidlərə baxmayaraq, sabitlik və təhlükəsizliyin təmin edilməsinin dövlət siyasətində prioritet olduğunu bir daha təsdiqləyir. Dövlət başçısının beynəlxalq platformalarda səsləndirdiyi kimi, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman bir nömrəli prioritet olub.
Bu konseptual yanaşmaya uyğun olaraq Azərbaycan beynəlxalq səviyyədə terrorçuluğa qarşı mübarizə sahəsində qəbul edilmiş mühüm hüquqi sənədlərə qoşulmuş, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası çərçivəsində qəbul edilən konvensiyalara sadiqliyini nümayiş etdirmişdir. Bu istiqamətdə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası 1 avqust 2024-cü il tarixində Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında Avropa Konvensiyasına Əlavə Protokol”una qoşulmuşdur. Həmin sənəd terror məqsədilə təşkilatlanma və qruplarda iştirak kimi fəaliyyətlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir və dövlətlər qarşısında konkret öhdəliklər müəyyən edir.
Təqdim olunan qanun layihəsində Cinayət Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 214-4-cü maddə – “Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etmə” – məhz bu beynəlxalq öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu dəyişiklik terrorçuluqla mübarizədə hüquqi bazanın daha da gücləndirilməsinə xidmət edəcəkdir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulan dəyişikliklər çərçivəsində süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından cinayət məqsədləri üçün istifadə hallarının kriminallaşdırılması xüsusi diqqət çəkir. Bu addım müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sui-istifadəsi ilə bağlı artan risklərin qarşısının alınmasına yönəlmişdir. Eyni zamanda, bu dəyişiklik Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyasının həyata keçirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, təqdim olunan qanun layihəsi həm milli təhlükəsizlik sisteminin gücləndirilməsi, həm də beynəlxalq hüquqi öhdəliklərin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mən qanun layihəsini dəstəkləyir və hörmətli həmkarlarımı da ona səs verməyə çağırıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.