AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ sülh gündəliyini formalaşdırdı

  • + A
  • - A
  • Bu gün, 10:29

    ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ sülh gündəliyini formalaşdırdı

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Cənab Prezidentin ABŞ-a tarixi səfərindən 1 il ötür.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-a səfəri həm Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələyə keçidi, həm də Azərbaycan-Ermənistan sülh gündəliyinin formalaşması baxımından tarixi hadisə kimi qiymətləndirilə bilər.

    Bu səfərin və sonrakı proseslərin nəticələri Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik, məqsədyönlü və prinsipial siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bütün mürəkkəb geosiyasi proseslərdə öz milli maraqlarını ön planda saxlayıb, ardıcıl mövqe nümayiş etdirib və qarşıya qoyduğu strateji məqsədlərdən geri çəkilməyib.

    Son illərdə ABŞ-Azərbaycan münasibətlərində müəyyən gərginliklərin və fərqli yanaşmaların müşahidə edildiyi məlumdur. Xüsusilə Bayden administrasiyası dövründə Vaşinqtonun Cənubi Qafqaza və Azərbaycana münasibətində yaranmış tendensiyalı yanaşma ikitərəfli əlaqələrə mənfi təsir göstərmişdi.

    Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra isə Vaşinqtonun xarici siyasətində yeni yanaşmalar meydana çıxdı. Sülh, sabitlik, qarşılıqlı maraqlar və praktiki nəticələrə əsaslanan siyasət daha çox ön plana keçdi. Bu dəyişiklik Azərbaycan-ABŞ münasibətlərində də özünü göstərdi.

    Prezident İlham Əliyev ilə Donald Tramp arasında aparılan təmaslar və məktublaşmalar, Azərbaycan Prezidentinin ABŞ-a səfəri, keçirilən görüşlər və əldə olunan razılaşmalar iki ölkə münasibətlərinə yeni məzmun qazandırdı.

    Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması ilə bağlı razılaşma, “907-ci düzəliş” üzrə məhdudiyyətlərin dondurulması, TRIPP layihəsi ilə bağlı razılaşma və Zəngəzur dəhlizinin reallaşdırılması üçün yeni imkanların yaranması bu transformasiyanın əsas nəticələri sırasında yer alır.

    Sonrakı dövrdə ABŞ rəsmilərinin regiona səfərləri, dövlət başçıları arasında təmasların və siyasi dialoqun davam etdirilməsi də münasibətlərdə yeni mərhələnin təsadüfi deyil, strateji xarakter daşıdığını göstərir.

    Azərbaycan-Ermənistan sülh prosesinə də məhz bu yeni geosiyasi reallıq kontekstində yanaşmaq lazımdır.

    Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etdi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkənin suverenliyi tam bərpa olundu. Bununla da Cənubi Qafqazda əvvəlki status-kvoya əsaslanan siyasi düzən tamamilə dəyişdi.

    Azərbaycan müharibədən sonra da öz mövqeyini yalnız güc amili üzərində qurmadı. Əksinə, Bakı sülh gündəliyini irəli sürərək regionda davamlı təhlükəsizliyin təmin olunması üçün konkret prinsiplər ortaya qoydu.

    Azərbaycanın irəli sürdüyü beş əsas prinsip sülh müqaviləsinin hazırlanmasının əsasını təşkil etdi. Bu prinsiplər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət, qarşılıqlı ərazi iddialarından imtina və gələcək münasibətlərin beynəlxalq hüququn əsas prinsipləri əsasında qurulmasını nəzərdə tutur.

    Bu baxımdan 2025-ci il avqustun 8-də ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması uzun və mürəkkəb prosesin mühüm siyasi nəticəsi oldu.

    Burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan həm müharibədə, həm də sülh prosesində öz strateji məqsədlərinə nail oldu. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qalib tərəf kimi sülh gündəliyini də formalaşdırdı.

    Ermənistanın hazırda özünü sülh tərəfdarı kimi təqdim etməsi əvvəlki siyasi mövqeyindən ciddi fərqlənir. 2020-ci ilə qədər Ermənistanın işğal olunmuş əraziləri saxlamaq və status-kvonu qorumaq siyasəti, 44 günlük müharibə zamanı Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması və müharibədən sonrakı revanşist çağırışlar regionda sülhün qarşısında ciddi maneələr yaradırdı.

    2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra isə Ermənistan üçün yeni reallıq yarandı. Bu reallıq Ermənistanı əvvəlki iddialardan geri çəkilməyə və sülh gündəliyini qəbul etməyə vadar etdi.

    Bu proses bir daha göstərdi ki, davamlı sülh yalnız siyasi bəyanatlarla deyil, real güc balansı, siyasi iradə və qarşılıqlı öhdəliklər əsasında formalaşa bilər.

    Tarixi təcrübə də göstərir ki, müharibələrdən sonra davamlı sülhün formalaşması uzun zaman tələb edə bilər. İkinci Dünya müharibəsinin başa çatmasından sonra Fransa ilə Almaniya arasında münasibətlərin yeni siyasi mərhələyə keçməsi 1963-cü il Yelisey müqaviləsi ilə rəsmiləşdi.

    Azərbaycan-Ermənistan münasibətlərində isə 2020-ci il müharibəsindən və 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra cəmi bir neçə il ərzində sülh müqaviləsinin paraflanması mühüm tarixi nəticədir.

    Bu gün Cənubi Qafqazda formalaşan yeni reallığın əsas xüsusiyyəti ondan ibarətdir ki, region artıq münaqişə və qarşıdurma məntiqindən əməkdaşlıq və inteqrasiya məntiqinə keçmək üçün real imkan əldə edib.

    TRIPP layihəsi, nəqliyyat kommunikasiyalarının açılması, Zəngəzur istiqamətində yeni imkanların yaranması və Azərbaycan-ABŞ münasibətlərində strateji tərəfdaşlıq perspektivlərinin güclənməsi regionun iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır.

    Azərbaycan bu prosesdə yalnız müharibədə qalib gəlmiş dövlət kimi deyil, həm də regional sülh və əməkdaşlıq gündəliyinin əsas təşəbbüskarlarından biri kimi çıxış edir.

    Prezident İlham Əliyevin siyasətinin mühüm xüsusiyyəti də məhz bundan ibarətdir: Azərbaycan əvvəlcə ərazi bütövlüyünü və suverenliyini təmin etdi, daha sonra isə əldə etdiyi siyasi-hərbi üstünlüyü sülh və əməkdaşlıq gündəliyinə çevirdi.

    Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərində baş verən transformasiya ilə Azərbaycan-Ermənistan sülh prosesini bir-birindən ayrı qiymətləndirmək düzgün olmazdı. Hər iki proses Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin formalaşmasının mühüm elementləridir.

    Bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş siyasi nəticələri davamlı sülhə, regional əməkdaşlığa və iqtisadi inkişafa çevirməkdir. Azərbaycan bunun üçün həm siyasi iradəyə, həm iqtisadi potensiala, həm də regional liderlik imkanlarına malikdir.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibədə qazandığı qələbəni diplomatik və siyasi müstəvidə möhkəmləndirərək yeni regional reallığın əsas aktoruna çevrilib. Azərbaycanın tarixi uğuru yalnız ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə məhdudlaşmır. Bu uğur eyni zamanda Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR