Ermənistanda baş verən proseslərə praqmatik yanaşmaq vacibdir

Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları və irəli sürdüyü təşəbbüslər Cənubi Qafqazda gedən siyasi proseslər baxımından diqqətəlayiqdir. Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı müzakirələr, Azərbaycanla sülh sazişinin imzalanmasına dair mesajlar və TRIPP nəqliyyat layihəsinin reallaşdırılması istiqamətində atılan addımlar regionda yeni siyasi reallıqların formalaşdığını göstərir.
Azərbaycan hər zaman bəyan edib ki, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır. Lakin sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və konkret öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür. Bu baxımdan Paşinyanın son addımlarını müsbət istiqamətdə müəyyən siyasi dəyişikliklərin əlaməti kimi qiymətləndirmək olar. Bununla belə, onların real nəticələrini gözləmək və baş verən proseslərə praqmatik yanaşmaq vacibdir.
Ən mühüm məsələlərdən biri Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı mövqeyidir. Məlumdur ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsində yer alan müddəalar və həmin sənədin konstitusion sistemə təsiri Azərbaycanın haqlı narahatlığına səbəb olub. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların siyasi-hüquqi əsasını təşkil edən yanaşmalar mövcuddur. Buna görə də Ermənistan Konstitusiyasında bu ziddiyyətlərin aradan qaldırılması sülh prosesinin irəliləməsi üçün mühüm əhəmiyyət daşıyır.
Burada əsas məsələ yalnız yeni sənədin hazırlanması deyil, onun referendum yolu ilə qəbul edilməsi və Ermənistanın hüquqi-siyasi sistemində real dəyişiklik yaratmasıdır. Azərbaycan üçün vacib olan qonşu ölkənin daxili siyasi proseslərinə müdaxilə etmək deyil, Ermənistanın heç bir formada Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı iddialar saxlamamasıdır. Sülh müqaviləsi də məhz bu prinsip əsasında möhkəm hüquqi təminat qazanmalıdır.
Paşinyanın TRIPP layihəsi ilə bağlı açıqlamaları da regional əməkdaşlıq baxımından diqqət çəkir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması Cənubi Qafqazın iqtisadi potensialını genişləndirə, regionu beynəlxalq ticarət marşrutlarının mühüm qovşaqlarından birinə çevirə bilər. Azərbaycan uzun illərdir ki, regionda kommunikasiyaların açılmasını, iqtisadi əlaqələrin genişlənməsini və qarşılıqlı faydalı əməkdaşlığı dəstəkləyir.
Lakin burada Azərbaycanın mövqeyi prinsipialdır: bütün nəqliyyat bağlantıları dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası əsasında fəaliyyət göstərməlidir. Azərbaycan öz ərazisində hər hansı xarici nəzarət mexanizmini qəbul etmədiyi kimi, digər dövlətlərin ərazisində də onların suveren hüquqlarına hörmətlə yanaşır. Eyni yanaşma regionda bütün kommunikasiya layihələrinə şamil olunmalıdır. Nəqliyyat əlaqələrinin açılması siyasi və hüquqi qeyri-müəyyənlik yaratmamalı, əksinə, qarşılıqlı etimadı gücləndirməlidir.
Paşinyanın ABŞ-la münasibətləri inkişaf etdirmək və Vaşinqtonla dialoqu genişləndirmək istiqamətində atdığı addımlar da regiondakı geosiyasi proseslərin bir hissəsidir. Azərbaycan üçün əsas prioritet Cənubi Qafqazın kənar güclərin rəqabət meydanına çevrilməməsi, regional məsələlərin region dövlətlərinin legitim maraqları nəzərə alınmaqla həll edilməsidir. Xarici tərəfdaşların iştirakı sülhə, iqtisadi inkişafa və sabitliyə xidmət etdiyi halda faydalı ola bilər.
Paşinyanın daxili siyasi gələcəyini yeni Konstitusiya və referendumla əlaqələndirməsi isə Ermənistan cəmiyyətində sülh gündəliyinin nə dərəcədə dəstəkləndiyini müəyyənləşdirəcək. Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh yalnız hökumətin siyasi seçimi deyil, bütövlükdə dövlət siyasətinin davamlı istiqaməti olmalıdır. Bu istiqamətdə atılan addımlar hakimiyyət dəyişikliyindən asılı olmayaraq qorunmalıdır.
Azərbaycan 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Bu gün regionda yaranmış yeni reallıqların əsasını beynəlxalq hüququn fundamental prinsipləri, dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyünə hörmət təşkil etməlidir. Ermənistanın da bu reallıqları qəbul etməsi gələcək münasibətlərin sağlam təməl üzərində qurulmasına imkan verəcək.
Unutmaq olmaz ki, Azərbaycan sülh prosesində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Ölkəmiz regionda qarşıdurmanın davam etməsində deyil, sabitliyin və əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Bununla yanaşı, sülhün əldə olunması Azərbaycanın milli maraqlarından, təhlükəsizlik tələblərindən və suveren hüquqlarından heç bir güzəştə gedilməsi hesabına baş verə bilməz.
Paşinyanın son addımları Ermənistanın siyasi düşüncəsində müəyyən dəyişikliklərin baş verdiyini göstərirsə, bu, region üçün müsbət imkandır. Lakin həmin imkanın real nəticəyə çevrilməsi üçün Konstitusiya məsələsi həll olunmalı, sülh sazişi imzalanmalı, kommunikasiyaların açılması qarşılıqlı suverenlik prinsiplərinə əsaslanmalı və revanşist meyillərə siyasi meydan verilməməlidir.
Bu gün Cənubi Qafqazın qarşısında tarixi seçim dayanır: keçmiş münaqişələrin yaratdığı qarşıdurma məntiqini davam etdirmək, yoxsa yeni reallıqları qəbul edərək sülh və əməkdaşlıq mərhələsinə keçmək. Azərbaycan öz seçimini çoxdan edib. İndi Ermənistanın da bu seçimin arxasında real siyasi iradə və konkret addımlarla dayanması vacibdir.
Azərbaycanın mövqeyi aydındır: sülh mümkündür, əməkdaşlıq mümkündür, regionun inkişafı mümkündür. Bunun yolu isə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn prinsiplərinə əməl və qarşılıqlı öhdəliklərin dürüst şəkildə yerinə yetirilməsindən keçir. Azərbaycanın milli maraqları və təhlükəsizliyi qorunmaqla əldə edilən sülh yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin başlanğıcı ola bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.