AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Dillər Universitetinin tələbələri beynəlxalq ekspert Barbara Ruthardt-Horneber ilə görüşüblər

  • + A
  • - A
  • Bu gün, 19:09

    Azərbaycan Dillər Universitetinin tələbələri  beynəlxalq ekspert Barbara Ruthardt-Horneber ilə görüşüblər

    20 noyabr 2026-cı il tarixində Senior Expert Service - SES təşkilatı və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsinin tələbələri ilə psixoterapevt, ixtisaslı pedaqoq və beynəlxalq ekspert Barbara Ruthardt-Horneberin görüşü keçirilib.

    Görüşün əsas məqsədi tələbələrin psixoloji rifah, emosional sağlamlıq, şəxsi inkişaf, effektiv ünsiyyət və sosial münasibətlər mövzularında məlumatlılığının artırılması, eyni zamanda beynəlxalq təcrübənin gənclərlə bölüşülməsi olub.

    Görüşü açılış nitqi ilə İngilis və Fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva açıb. O, görüşün həm beynəlxalq təcrübə mübadiləsi, həm də gənclərin şəxsi və peşəkar inkişafı, uşaq hüquqlarına həssas yanaşmanın təşviqi və universitetlə vətəndaş cəmiyyəti arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

    Tədbirin 20 Noyabr – Ümumdünya Uşaqlar Gününə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbulunun ildönümünə təsadüf etməsi görüşə xüsusi məna qazandırıb.

    Tədbirdə çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova bu tarixin uşaqların hüquqlarının müdafiəsi baxımından beynəlxalq əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, 20 noyabr 1989-cu ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul edilməsi uşaqların hüquqlarının tanınması və müdafiəsi istiqamətində mühüm tarixi hadisədir.

    Kəmalə Aşumova Azərbaycanda ənənəvi olaraq keçirilən Uşaq Hüquqları Aylığı çərçivəsində uşaqların hüquqlarının müdafiəsi, onların təhlükəsiz və sağlam mühitdə böyüməsi, rifahının təmin olunması və cəmiyyətdə uşaq hüquqlarına həssas münasibətin formalaşdırılmasının xüsusi diqqət mərkəzində olduğunu bildirib.

    Çıxış zamanı gənclərin uşaq hüquqları barədə məlumatlı olmasının əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bugünkü tələbələr gələcəyin müəllimləri, müxtəlif sahələr üzrə mütəxəssisləri və valideynləri olaraq uşaqların inkişafında, onların şəxsiyyətinə hörmətlə yanaşılmasında və təhlükəsiz mühitin formalaşdırılmasında mühüm rol oynayacaqlar. “Uşaqların hüquqlarına hörmət, onların fikirlərinin dinlənilməsi, emosional ehtiyaclarının anlaşılması və uşaqyönümlü yanaşmanın formalaşdırılması yalnız peşəkar fəaliyyətin deyil, həm də məsuliyyətli valideynliyin əsas prinsiplərindən olmalıdır” fikri çıxışın əsas mesajlarından biri olub.

    Eyni zamanda, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə Azərbaycan Dillər Universiteti və müvafiq fakültə arasında davamlı əməkdaşlığın qurulması, tələbələrin könüllülük fəaliyyətinə cəlb edilməsi, praktiki təcrübə imkanlarının yaradılması və birgə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi perspektivlərinə də toxunulub.
    Bildirilib ki, tələbələr təşkilatın uşaqların və qadınların hüquqlarının müdafiəsi, sosial dəstək, maarifləndirmə və digər ictimai təşəbbüslərində könüllü olaraq iştirak etməklə həm cəmiyyətə fayda verə, həm də öz peşəkar və şəxsi bacarıqlarını inkişaf etdirə bilərlər. Bu imkanlar tələbələr tərəfindən böyük maraq və müsbət münasibətlə qarşılanıb.

    Daha sonra tədbir interaktiv və səmimi müzakirə formatında davam edib. Barbara Ruthardt-Horneber özünün uzunillik peşəkar təcrübəsi, psixoterapiya sahəsində tətbiq etdiyi yanaşmalar, insanlarla, xüsusilə gənclərlə iş zamanı istifadə etdiyi metodlar barədə tələbələrə ətraflı məlumat verib.

    Görüş zamanı aşağıdakı mövzular ətrafında fikir mübadiləsi aparılıb:
    - Gənclərin psixoloji rifahı və emosional sağlamlığının qorunması;
    - Stress, narahatlıq və emosional çətinliklərlə mübarizə yolları;
    - Özünüdərk, özünəinam və şəxsi inkişafın əhəmiyyəti;
    - Sağlam ünsiyyət, empatiya və qarşılıqlı anlaşmanın formalaşdırılması;
    - Gənclərin sosial münasibətlərdə və gündəlik həyatda qarşılaşdıqları psixoloji çətinliklər;
    - Emosional ehtiyacların düzgün müəyyən edilməsi və vaxtında dəstək almağın vacibliyi;
    - Təhsil və sosial mühitdə psixoloji təhlükəsizliyin və qarşılıqlı hörmətin təşviqi.

    Tədbirin ən maraqlı məqamlarından biri tələbələrin müzakirələrdə fəal iştirakı olub. Tələbələr Barbara xanıma onları maraqlandıran çoxsaylı suallar ünvanlayıb, öz fikirlərini bölüşüb, real həyat situasiyaları və gənclərin qarşılaşdıqları çətinliklər barədə müzakirələrə qoşulublar. Ekspert tələbələrin suallarını ətraflı cavablandıraraq müxtəlif situasiyalara dair praktik yanaşmalar və tövsiyələr təqdim edib.

    Görüş çərçivəsində tələbələrdən biri tərəfindən Barbara Ruthardt-Horneber ilə müsahibə də təşkil olunub. Müsahibə zamanı ekspertin peşəkar fəaliyyəti, beynəlxalq təcrübəsi, psixoterapiyaya yanaşması və gənclərə tövsiyələri ilə bağlı maraqlı suallar səsləndirilib. Bu təşəbbüs tələbələrə yalnız dinləyici kimi deyil, həm də tədbirin fəal iştirakçıları və kommunikasiya prosesinin birbaşa tərəfdaşları kimi çıxış etmək imkanı yaradıb.

    Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq ekspertlə tələbələr arasında çox səmimi, açıq və pozitiv kommunikasiya formalaşıb. Barbara xanımın tələbələrlə ünsiyyətə açıq olması, mövzuları sadə və anlaşıqlı şəkildə izah etməsi, onların fikirlərinə diqqətlə yanaşması görüşün daha interaktiv və maraqlı keçməsinə şərait yaradıb.

    Tələbələrin fəallığı, maraqlı sualları və müsbət rəyləri tədbirin onlar üçün faydalı və yaddaqalan olduğunu bir daha nümayiş etdirib.

    Görüşün sonunda iştirakçı tələbələrə sertifikatlar təqdim olunub. Sertifikatların təqdim edilməsi tələbələrin tədbirdə iştirakının, öyrənməyə və şəxsi inkişaflarına göstərdikləri marağın təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.

    Tələbələr görüşdən məmnunluqlarını ifadə edərək belə formatlı tədbirlərin onların dünyagörüşünün genişlənməsi, yeni bilik və təcrübə əldə etməsi, eləcə də beynəlxalq mütəxəssislərlə birbaşa ünsiyyət qurması baxımından faydalı olduğunu vurğulayıblar.

    Tədbir xoş, pozitiv və səmimi atmosferdə yekunlaşıb. Görüşün sonunda Barbara Ruthardt-Horneberə tələbələrlə bilik və təcrübəsini bölüşdüyü, onların suallarına həvəslə cavab verdiyi və gənclərlə səmimi ünsiyyət qurduğu üçün təşəkkür edilib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR