Alimlər neandertalların yox olmasının əsas səbəbini müəyyən ediblər: İqlim deyil, Homo sapiens

Avropada neandertalların yox olmasının əsas səbəbi iqlim dəyişiklikləri deyil, müasir insanların – Homo sapiens növünün yayılması ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, iqlim dəyişiklikləri təkbaşına neandertalların tamamilə yox olmasına səbəb olmayıb. Lakin Homo sapiens populyasiyasının artması onların məhv olmaq riskini əhəmiyyətli dərəcədə yüksəldib. Tədqiqatın nəticələri _Science Advances_ jurnalında dərc olunub.
İspaniyanın Kantabriya Universitetindən Marko Vidal-Kordasko və həmkarları qədim Avropanın kompüter modelini hazırlayıblar. Tədqiqatçılar 55 min – 27 min il əvvəlki dövrü əhatə edən iqlim məlumatlarını və heyvanların sayını təhlil edərək qida ehtiyatlarının əlçatanlığını qiymətləndiriblər.
Daha sonra alimlər iqlim dəyişikliklərinin, əhali sayının və Homo sapiens növünün Avropaya gəlməsinin neandertalların sağ qalma ehtimalına necə təsir etdiyini müəyyənləşdirmək üçün minlərlə simulyasiya aparıblar. Bunun üçün müasir insanların Avropada mövcud olduğu və olmadığı ssenarilər müqayisə edilib.
Nəticələr göstərib ki, iqlim dəyişiklikləri təkbaşına neandertalların tamamilə yox olması üçün kifayət etməyib. Əlverişsiz şərait qida ehtiyatlarını azaltsa və ayrı-ayrı neandertal populyasiyalarının məhvinə səbəb olsa da, Homo sapiens-in sayının az qaldığı ssenarilərdə neandertallar simulyasiyaların 98 faizində sağ qalmağı bacarıblar.
Lakin müasir insanların sayının artması və Avropanın müxtəlif ərazilərinə yayılması neandertalların yox olma ehtimalını xeyli yüksəldib.
Tədqiqatda neandertal qrupları arasındakı əlaqələrin də mühüm rol oynadığı müəyyən edilib. Digər qruplarla əlaqə saxlaya və ərazilər arasında hərəkət edə bilən populyasiyalar təcrid olunmuş icmalara nisbətən daha uzun müddət mövcud olublar. Alimlərin fikrincə, qruplar arasında əlaqələrin qorunması onların yaşamaq qabiliyyətini artıran əsas amillərdən biri olub.
Tədqiqatçılar hesab edirlər ki, Homo sapiens neandertallarla qida və digər resurslar uğrunda rəqabət apararaq onsuz da çətin vəziyyətdə olan populyasiyalara əlavə təzyiq göstərmiş ola bilər. Bundan başqa, müasir insanların Avropada geniş yayılması neandertalların sayını bərpa etməsinə və əvvəllər məskunlaşdıqları ərazilərə yenidən qayıtmasına mane olmuş ola bilər.
Maraqlıdır ki, neandertalları sıxışdırıb çıxarmaq üçün Homo sapiens-in mütləq daha yüksək intellektə və ya üstün texnologiyalara malik olması tələb olunmayıb. Alimlərin fikrincə, müasir insanların sayca üstünlüyü belə nəticə üçün kifayət etmiş ola bilər.
Müəlliflər vurğulayırlar ki, kompüter modelləşdirilməsi neandertalların yox olmasının məhz Homo sapiens-in yayılması nəticəsində baş verdiyini qəti şəkildə sübut etmir. Bununla belə, tədqiqatın nəticələri müasir insanların Avropada yayılması ilə digər insan populyasiyalarının yox olması arasında mühüm əlaqənin olduğunu göstərir və insan təkamülünün ən böyük sirlərindən birinə yeni izah təqdim edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.